Noyabrın 15-də Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sərviz Süleymanovun sürücüsü Vələddin Rəhimovun döyülməsi işi üzrə məhkəmə keçiriləcək. Teleqraf.az-ın xəbərinə görə, V.Rəhimova xəsarət yetirən şəxs Vüsal Seyidovdur.

O, Cinayət Məcəlləsinin 221.3-cü  (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib.

Artıq noyabrın 1-də Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ayın 15-də isə növbəti məhkəmə prosesidir.

Hadisənin maraqlı tərəfi budur ki, təqsirləndirilən V. Seyidov Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanovun bacısı oğludur.

Yəni bacıoğlu dayısının sürücüsünü qanına qəltan edib və indi məhkəmədə mühakimə edilir. Cinayətin hansı motivdə baş verdiyi haqda müfəssəl məlumatlar açıqlanmır. Belə iddialar səslənir ki, Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlunun həbsdən çıxardığı kimi o da sürücüsünü qurban verib onu xilas etməyə hazırlaşır. Onun qeyri-rəsmi danışıqlar apardığı haqda məlumatlar dolaşmaqdadır.

Lakin Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovun personası son dərəcə maraqlıdır. Sən demə, S.Süleymanov əvvəl Sumqayıtda Mənzil İstismar Sahələrindən birinin rəisi, sonra şəhər Bələdiyyəsində mülkiyyət şöbəsinin müdiri olub.

Ancaq gözlənilmədən Sumqayıtdan Abşerona göndərilib. Bu yerdəyişmədə müəyyən qanun pozuntularının aşkarlanması, işində nöqsana yol verməsi və töhmət alması iddiaları var.

Ona görə Ceyranbatan qəsəbəsində icra nümayəndəsi işləyib, 2008-ci ildə isə həyat dəyişib, karyerasının pik nöqtəsinə çatıb - 10 ildən çox Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini olub.

2018-ci ilin yanvarında isə bu vəzifədən azad edilib. Amma bu illər ərzində adı mətbuatda heç də yaxşı hadisələrdə keçməyib.   Necə deyərlər, zamanında araşdırma aparılsaydı, Abşeronun baş memarı olan Akif Əliyevin taleyini yaşayacağı belə istisna deyildi. Çünki bir sıra qanunsuzluqlarda ad keçib.

KİV-də gedən məlumatlara görə, S.Süleymanovun Abşeronun Goradil, Fatmayi, Məhəmmədi kəndlərinin ərazisində vətəndaşların etibarından istifadə edərək torpaqlarını ələ keçirdiyi iddia olunur. Deyilənə görə, mənimsədiyi torpaq sahələrini yaxınlarının adına rəsmiləşdirib.

S.Süleymanov qarşılığında geniş biznes şəbəkəsi qura bilib. Onun Abşeronda, Bakı və Sumqayıtda ticarət obyektləri var. İndisə bacısı oğlu onun şoferini döydüyü üçün məhkəməyə çıxarılır. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.