Dövrü mətbuatda son vaxtlar tender prosedurlarında yol verilən nöqsanlarla, qanun pozuntuları ilə bağlı çoxsaylı məlumatlar yayılmaqdadır. Bir çox hallarda bu satınalmalar üzrə mütəxəsislərin çatışmazlığı ilə əlaqələndirilsə də, əksəriyyət hallarda sifarişçı qurumların qanun pozuntularına bilərəkdən yol verdiklərini, podratçılarla əlbir olub, məqsədli şəkildə həyata keçirdiklərini görməmək olmur. Nəticələri ictimaiyyətə açıqlanan tender prosedurlarında o qədər primitiv qanun pozuntularına yol verilir ki, sanki, bunları heç kim görmür. Yaxud da, bu qanunlardan heç kimin xəbəri yoxdu. Belə qəribə tender prosedurları barədə məlumatlar elektron kütləvi informasiya vasitələrində kifayət qədərdir.

Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Gəncə rayonu Mənzil İstismar hissəsi və 1,2,3 nömrəli mənzil istismar sahələri və zabit yataqxanasının təmirinə tələb olunan materialların satın alınması üzrə keçirilmiş kotirovka sorğusu yekun vurulub. Bu barədə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi “VERTEN SERVİS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49 871.54 manat məbləğində satınalma müqaviləsi bağladığını 21.12.2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlayıb.

Qeyd edək ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VERTEN SERVİS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.10.2021-ci il tarixdə dövlət qeyidiyyatına alındığı göstərilir. Niamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, RƏŞİD BEHBUDOV , ev 33, m. 0, qanuni təmsilçisi kimi isə Rüstəmov Vüsal Voroşil oğlu göstərilib.

Burada maraqlı olan nədir? Elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 13.10.2021-ci ildən 27.10.2021-ci il tarixə qədər qəbul olunduğu göstərilir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin satınalma müqaviləsi bağladığı “VERTEN SERVİS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 22.10.2021-ci il tarixdə dövlət qeyidiyyatına alınıb. Yəni prosedurda iştirak üçün sənədlərin qəbul olunduğu günlərdə.

Daha maraqlı olan isə MMC-nin qanuni təmsilçisi Rüstəmov Vüsal Voroşil oğlu ilə bağlıdır. Belə ki, açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə sözügedən şəxsin adına 2020-ci ilin təkcə avqust ayında, bir günün içində, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ABBASQULU ABBASZADƏ ev.25. m. 7 ünvanında “Akabe Holding”, “Jss Lumergrand”, “Light Construction” kimi 3 MMC dövlət qeydiyyatına alınıb. Adına bu tip çoxsaylı MMC yaradılmış şəxslər isə, iş görməkdən daha çox bəzi dövlət qurumları tərəfindən pul silməyə cəlb olunurlar.

Bir bu prosedurda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun nə qədər tələbləri pozulub? Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Tender Komissiyası burada iddiaçının anoloji işlərdə təcrübəsinin olub, olmaması, iddiaçının potensialı, maddi-texniki və kadr imkanları kimi əsas şərtlərin heç birinə əməl etməyib. Bu isə keçirilmiş kotirovka sorğusu üzrə bağlanmış müqavilədə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaratmaya bilmir.

Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Tender Komissiyası tender və kotirovka sorğularında yol verdiyi ciddi nöqsanlar bunlarla bitmir. Belə ki, sözügedən idarə müxtəlif malların və xidmətlərin satınalmaları üzrə keçirmiş olduğu bir çox kotirovka sorğularının nəticələrini “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda göstərildiyi müddətdə ictimaiyyətə açıqlamamış və sözügedən qanunun daha bir neçə vacib tələbini pozmuşdur.

Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tabeliyində olan mənzil istismar sahələri və hərbi yataqxanaların cari təmiri məqsədilə inşaat materiallarının satınalınması üzrə 02.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Gəncə rayonu Mənzil İstismar hissəsi və 1,2,3 nömrəli mənzil istismar sahələri və zabit yataqxanasının təmirinə tələb olunan materialların satın alınması üzrə 13.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Nəticələsi 21.12.2021-ci il tarixdə açıqlanıb.

Tağıyev 1,2,3 və Sitalçay 1 hərbi şəhərciklərinin ərazisində yerləşən bina və qurğuların təmirinə tələb olunan materialların satın alınması üzrə 06.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İnşaat materiallarının satın alınması üzrə 05.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Məsləhət xidmətlərinin göstərilməsinin satın alınması üzrə 12.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Təmir işlərinin satın alınması (II hissə) üzrə 15.09.2021-ci il tarixdə elan olunmuş açıq tenderin nəticələri;

Təmir işlərinin satın alınması üzrə elan olunmuş tenderdə 3 930 206.98 manat məbləğində satınalma müqaviləsi 17.07.2021-ci il tarixdə “AMİNA AND S SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMİNA AND S SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.06.2017-ci il tarixdə dövlət qeyidiyyatına alındığı göstərilir.Niamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu Süleyman Sani Axundov , ev 60/30, m. 35,qanuni təmsilçisi İbrahimova Lalə Eldar qızıdır.

Açıq mənbələrdə “AMİNA AND S SERVİCES” MMC-nin maddi texniki bazası barədə heç bir məlumat yoxdur. Amma bununla belə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin keçirdiyi 4 milyon manat civarında tenderin qalibi olub.

Müdafiə Nazirliyinin “Bakı 55” hərbi şəhərciyi, Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin yerlədiyi 32 nömrəli “inzibati” binasında görüləcək təmir işlərinin satın alınması üzrə elan olunmuş tenderdə 224 038.93 manat məbləğində satınalma müqaviləsi 25.02.2020-ci il tarixdə “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində 11.08.2004-cü il tarixdə dövlət qeyidiyyatına alındığı göstərilir. Niamnamə kapitalı 300.00 manat olan MMC-nin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ADAU-NUN YATAQXANASI, ev 6,qanuni təmsilçisinin isə Ömrümov Məhərrəm Xansuvar oğlu olduğu göstərilir.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Bu bilərəkdən edilibsə, məqsəd bəllidir. Çünki Mənzil-İstismar İdarəsinin bağladığı bir müqavilədə nə qədər nöqsanlara, qanun pozuntusuna yol verildiyi açıq-aşkar görsənir. Kim zəmanət verə bilər ki, eyni hallar idarənin bilərəkdən, və yaxud da bilməyərəkdən nəticələrini açıqlamadığı digər kotirovka sorğularında da baş verməyib?

Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Mənzil-İstismar İdarəsi tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, son illərdə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Tender Komissiyası keçirdiyi kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında ümumiyyətlə heç bir məlumat yerləşdirməyib.

Bütün bu yuxarıda göstərilənlərlə bağlı Aktualinfo.org-un Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin elektron poçtuna ünvanladığı sorğuya da hələ cavab verilməyib. Göstərilənlərlə bağlı əks tərəfin mövqeyini də dərc etməyə hazırıq. Təbii ki, sorğumuza cavab verilərsə.

Aktualinfo.org

 

 

 

Elə ki uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verildi, həmin vaxtdan bu təlim-tərbiyə müəssisələrinin qara günləri başladı.

Teleqraf.az xəbər verir ki,  hazırda məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik, dərəbəylik, xaos, rüşvətxorluq hökm sürür.

Bağça müdirələri bir qayda olaraq, yer olmadığını bəhanə gətirir və uşaqlardan imtina olunur. Amma “görüm-baxım” edən kimi yer də tapılır, çarpayı da...

Bu bərbad siyasət uşaq bağçalarının BŞİH-ə verilməsindən sonra daha da acınacaqlaşdı. Xüsusən qurumun Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov bağçaları böyüklərin qazanc bazarına çevirib. Diqqət edin, özü bir hücrəyə çəkilib, təğyiri-libas olub, ictimaiyyət Eldar Yunusov adını demək olar tanımır.

Amma bağçalardakı özbaşınalığın, uşaq qəbulunda süründürməçiliyin və rüşvətin tüğyan etməsinin baş dirijoru BŞİH-də Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov imiş.

Oxucular da təsdiqləyər ki, az sayda körpələr uşaq bağçasına təmənnasız götürülür, əksəriyyət pulla qəbul edilir. Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir.

Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manatın bir hissəsi Eldar Yunusova, qalanı bağça müdirlərinə çatır. Üstəlik, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat alınır.

Bundan əlavə, Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur.

Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə Eldar Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb.

Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E.Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edir.

Eldar Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Bağça müdirlərinə nəzarəti və onlardan alınan “haqq” məsələsini də Fuad müəllimin həyata keçirdiyi iddia edilir.

Dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib ola bilməz. Bunun nə qədər qanuni olduğunu hüquq-mühafizə orqanları müəyyən edə bilər.

Teleqraf.az bildirir ki, Eldar Yunusov uşaq bağçalarının hesabına milyonçuya çevrilib. Onun sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün Eldar Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlərnin olması üçün də ya gərək oğurluq edəsən, ya da korrupsiyaya yol verəsən, maaşla necə biznes qurmaq olar?!

Yeri gəlmişkən, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 350-yə yaxın müəssisə var, o zaman korrupsiyanın səviyyəsini təsəvvür etmək mümkün olar.

Eyni zamanda, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əməkhaqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən büdcə vəsaitlərini necə lazımdır çırpışdırmaq manevrləri var.

Mətbuat yazır ki, Yunusovun yol verdiyi bu talan ayrılan vəsaitlərin necə istifadə edilməsini müəyyən etmək üçün həyata keçirilən audit zamanı aşkar olunub. Növbəti yazımızda Yunusovun qızının rəhbərlik etdiyi 266 saylı körpələr evi-uşaq bağçasında nələr baş verməsindən bəhs edəcəyik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbər lenti