"Konstitutusiyaya görə, ölkəmizin əsas təbii sərvətləri olan neft, qaz, qızıl və gümüş ölkə vətəndaşlarına məxsusdur. Bu sərvətlərdən gələn gəlirlərin hesabatı da hər bir vətəndaş üçün açıqdır. Hər bir gənc istədiyi zaman bu hesabatlarla tanış ola bilər".

Teleqraf.az xəbər verir ki, bu sözləri  20 Avqusta Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Saatlı  rayonunda "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün gənclər arasında təbliğ və təşviqi” mövzusunda həyata keçirilən tədbirdə Aran" ekoloji maarifləndirmə İctimai Birliyinin rəhbəri Nəsrəddin Kərəmov deyib.

Qeyd edək ki, bu İctimai Birliyin adıçəkilən layihə çərçivəsində sonuncu tədbiridir. Bundan əvvəl də  Saatlı  və Sabirabad rayonlarında tədbirlər təşkil olunub.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün  (MSŞT) əsas tələbinin təbii ehtiyatların hasilatından əldə edilən gəlirlərin açıq olması prinsipi üzərində qurulduğunu deyən Nəsrəddin Kərəmov bunun Təşəbbüsün Standartlarında qeyd olunduğunu bildirib.  

Bildirib ki, Azərbaycanda MHŞT-nin tətbiqinə Çoxtərəfli Qrup (ÇQ) rəhbərlik edir. Bu qrup üç tərəfin nümayəndələrindən təşkil edilir: hökumət, şirkətlər və vətəndaş cəmiyyəti. Tərəflərin hər biri ÇQ-yə eyni hüquqa malik olan üç əsas üzv və üçədək əvəzedici üzv təyin edir.

Nəsrəddin Kərəmovun sözlərinə görə, vətəndaş cəmiyyətini ÇQ-də “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının nümayəndələri təmsil edir.

Təşkilat rəhbəri bildirib ki,  təbii sərvətlərdən əldə olunan gəlirlər əsasən dörd dövlət qurumuna yönəldilir: Dövlət Neft Fonduna (ARDNF); Dövlət Büdcəsinə, Dövlət Neft Şirkətinə (SOCAR) və Dövlət Sosial Müdafiə Fonduna (DSMF).

Dövlət Neft Fonduna axan gəlirlər ölkənin ümumi neft/qaz gəlirlərinin təxminən  90%-nı təşkil edir. Dövlət Sosial Müdafiə Fonduna düşən gəlirlərin həcmi isə digər dövlət qurumlarının gəlirlərindən  əhəmiyyətli dərəcədə azdır.

N, Kərəmov vurğulayıb ki, MSŞT-yə qoşulan ölkələr əldə etdikləri gəlirlər barədə müvafiq məlumatların açıqlanması öhdəliyini üzərlərinə götürürlər. Həmin öhdəliyə uyğun olaraq həm hökumət, həm də şirkətlər hər il təbii sərvətlərin hasilatından əldə etdiyi bütün gəlir növləri üzrə xüsusi hesabat formasını tanınmış beynəlxalq Auditor şirkətinə təqdim edirlər. Bu hesabatlarda şirkətin dövlət qurumlarına ödənişləri də qeyd olunur. Auditor hökumətin və şirkətlərin hesabatlarını hər növ gəlir və ödəniş üzrə tutuşdurur və təhlil edir. Auditor öz rəyini hazırlayır və bu rəy hökumətin, şirkətlərin və vətəndaş cəmiyyətin təmsil olduqları Çoxtərəfli Qrupa təqdim olunur.

2005-ci ildən etibarən Azərbaycanın təbii sərvətlərinin hasilatından əldə olunan gəlirlər barədə hesabatları ictimaiyyət üçün açıqdır və xüsusi veb-səhifədə (http://www.eiti.az) yerləşdirilir.

Sonra tədbir iştirakçılarına iqtisadçı alim Sabit Bağırovun yardımı ilə hazırlanmış Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü - yerli və beynəlxalq təcrübəni özündə əks etdirən broşüra paylanıb.

Sonda tədbirin təşkilatçıları rayon icra hakimiyətinin nümayəndələrinə tədbirə qatıldıqlarına və layihəyənin icrasına göstərdikləri köməyə görə təşəkkürlərini bildiriblər.

 

Xəbər lenti