Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli Konstitusiyaya dəyişikliklər haqqında prezidentin təqdim etdiyi layihə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Müraciətdə AXCP-nin maraqlı subyekt kimi tanınması istənilir.

Ə. Kərimli qeyd edilir ki, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən Konstitusiyaya dəyişikliklər edilərkən mənafelərinə toxunulan şəxslər də maraqlı subyekt kimi tanına bilər.

Müraciətdə bildirilir ki, layihədə bir sıra diqqət çəkən məqamlar var. Bunlar prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilməkdən ötrü mövcud olan aşağı yaş məhdudiyyətinin aradan qaldırılmasıdır.

Əli Kərimli hesab edir ki, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi də diqqət çəkən hallardandır. Bundan başqa birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması, prezidentə bu vəzifələri istədiyi şəxsləri tək öz mülahizəsi ilə təyin etmək səlahiyyətinin verilməsi də üzərində durulası məqamlardandır.

«Prezidenti vaxtından əvvəl vəzifədən getdiyi halda xalqın iradəsindən kənar təyin edilmiş vitse-prezidentlərin onu əvəzləməsi, xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılması kimi təkliflərin referenduma çıxarılması Azərbaycan Konstitusiyasının 155-ci maddəsi ilə qadağandır» - deyə Ə. Kərimli vurğulayır.

Əli Kərimli bildirir ki, məhz bu hallar Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun çoxsaylı üzvlərinin mənafeyinə toxunur.

AXCP sədri bildirir ki, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək hüququ var. Maraqlı tərəf sübutları, digər materialları təqdim edə, işə baxılmasına dair vəsatət və təkliflər verə bilər.

Müraciətdə qeyd edilir ki, Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub.

Əli Kərimli xahiş edir ki, plenumda AXCP-nin də maraqlı tərəf kimi iştirakının təmin edilməsindən ötrü iclas təxirə salınsın.

İyulun 18-də prezident İ.Əliyev rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini göndərib. Konstitusiya Məhkəməsinin iyulun 25-də bu layihəyə baxacağı gözlənilir.

Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası isə bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Onlar hesab edir ki, bu dəyişikliklərlə prezidentin ailə üzviləri və yaxınları hakimiyyət idarəçiliyinin yüksək pillələrinə gətiriləcək. Ancaq hakim Yeni Azərbaycan partiyasının funksionerləri və parlamentdə təmsil edilən partiyaların rəhbərləri isə bu aktı müdafiə edən mövqe sərgiləyiblər. Onların fikrincə isə layihə daha çox ölkənin təhlükəsizliklə bağlı maraqlarına xidmət edir.

Xəbər lenti