''Əliyev dəfələrlə bir söz deyib, başqa cür hərəkət edib''

Prezident İlham Əliyev 18 oktyabr Müstəqillik Günü ilə bağlı çıxışında o dövrün hadisələrindən, AXC-Müsavat hakimiyyəti dönəmindən danışıb. Dövlət başçısı Heydər Əliyevin hakimiyyətdə olmadığı həmin illəri "itirilmiş illər" adlandırıb.

Meydan TV prezidentin fikirlərinə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin münasibətini öyrənib.

 - İsa bəy, prezident İlham Əliyevin “Azərbaycanın dövlət müstəqilliyinin banisi Heydər Əliyevdir” açıqlamasını necə qiymətləndirirsiniz?

-  Hər şeydən əvvəl Azərbaycan müstəqilliyinin banisi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan xalqının o zamankı elitasıdır. Azərbaycanın müstəqilliyinin bərpasının banisi Xalq Cəbhəsinin sədri, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəydir. Elçibəyin öz sözlərilə desək, bütövlükdə müstəqilliyimizin memarı Azərbaycan xalqıdır. Ona görə də İlham Əliyevin dedikləri həqiqətdən çox uzaqdır, heç bir şəkildə təsdiq olunmur.

-  İlham Əliyev deyir ki, 1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında müstəqilliyin atributlarını rəsmən təsdiqləyib. Bu barədə nə deyə bilərsiniz?

-  Naxçıvan Ali Məclisinin o istiqamətdə bəzi qərarları olubdur. Bunun da əsas təşəbbüskarı milli demokratik qüvvələr və AXC-nin yerli təşkilatının o zamankı liderləridir. Onlar zamanında düzgün ideyalar irəli sürüblər və Ali Məclis də bunları qəbul edibdir. Ona görə də həmin hadisələri Heydər Əliyevin təşəbbüsü kimi qiymətləndirmək heç bir şəkildə həqiqət deyil. İlham Əliyev başqa bir arqument də gətirməyə çalışıb, bu, Heydər Əliyevin bioqrafiyasında da var ki, o, 20 yanvar faciəsini törədənləri ittiham edib və Kommunist Partiyası sıralarını tərk edib. Amma Heydər Əliyev Kommunist Partiyası sıralarını 1991-ci ilin iyul ayında tərk edib, yəni yanvar faciəsindən sonra onminlərlə azərbaycanlı partiyadan çıxdığını bəyan edib, hətta kommunist biletlərindən tonqallar qalayırdılar. Heydər Əliyev isə kommunist biletini 1991-ci ilin iyuluna qədər saxlamışdı. Görünür, başqa ümidləri varmış, yalnız QKÇP-yə bir ay qalmış Heydər Əliyev Kommunist Partiyasını tərk edib. Ona görə də bu arqument də heç bir şəkildə İlham Əliyevin iddiasına kömək edə bilməz.

-  Əliyev təəssüflə bildirib ki, müstəqilliyin ilk illərində atasının hakimiyyətdə olmaması itirilmiş imkanlar dövrüydü. Siz necə düşünürsünüz, Heydər Əliyev o zaman hakimiyyətə gəlsəydi, fərqli durum yaranacaqdımı?

-  Əliyevin 1993-cü ildən 2003-cü ilə qədər hakimiyyətdə olduğu zaman xalqımızın başına gələn bəlalar hər birimizə bəllidir. Ən böyük itkilər də həmin dönəmdə oldu. Azərbaycanın bir çox rayonu məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olundu. Ona görə də Əliyev müstəqilliyin ilk dönəmində hakimiyyətdə olsaydı, Azərbaycan üçün daha böyük faciələr baş verə bilərdi.

-  İlham Əliyev AXC-Müsavat hakimiyyətini yarıtmaz fəaliyyətdə və ölkəni uçuruma aparmaqda ittiham edib. Nə cavab verərdiniz?

-  Bunlar tamamilə yalandır. Azərbaycanın şərəfli tarixi 1992-93-cü illərində, Elçibəyin liderliyi dönəmində, milli-demokratik qüvvələrin hakimiyyəti zamanıydı. Məhz həmin dönəmdə Azərbaycanın müstəqilliyinin, ərazilərimizin işğaldan azad edilməsi, iqtisadi inkişafın gerçəkləşməsi istiqamətində çox önəmli addımlar atılıbdır. 1 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin 10, İlham Əliyevin 13 illik hakimiyyəti dönəmindən qat-qat daha önəmlidir. Heç bir şəkildə 1 illik hakimiyyətə atılan böhranlar onun Azərbaycan tarixindəki şərəfli yerinə nə təsir göstərər, nə də yalanlarla tarixi dəyişə bilər.

-  Siz prezidentin 2003-cü ilin müstəqilliyimizin tarixində önəmli yer tutması fikrini necə dəyərləndirirsiniz?

-  İlham Əliyevin “xalq düzgün seçim edibdir” cümləsi ilə qismən razılaşmaq olar. Çünki xalq 2003-cü ildə düzgün seçim etmişdi, onsuz da xalqımızın imkanı olanda hər zaman düzgün seçimlər edib. Fərqi yoxdur, 1918-ci il, 1991-ci il, 1992-ci ilin 7 iyunu olsun, 2003-cü ilin oktyabrında prezident seçkilərində də xalqımız düzgün qərar qəbul edib, öz namizədinə, “Bizim Azərbaycan” blokunun namizədinə, təvazökarlıqdan da uzaq olsun bəndənizə səs verib. Bu baxımdan Azərbaycan xalqı doğru qərar vermişdi. Təəssüf ki, Əliyev rejimi Rusiyanın birbaşa iştirakı və himayəsilə seçkilərin saxtalaşdırılmasını, etiraz edən dinc insanların zorakılığa, işgəncələrə və həbsə məruz qalmasını təmin  edib. Bu şəkildə də xalqın doğru qərarının gerçəkləşməsinə imkan verməyib. 

-  Yekunda İlham Əliyevin Rusiya jurnalisti İqor Kisilyeva verdiyi müsahibəsindəki prezident seçkiləri barədə dediklərinə münasibətinizi bilmək istərdik. 26 sentyabr referendumundan sonra fərqli yanaşmalar vardı, yəni prezident seçkilərinin keçiriləcəyi bildirilirdi...

-  Bir qədər əvvəl mən də eşitdim ki, İlham Əliyev növbədənkənar seçkilər haqqında düşünmədiyini bildirib. İndi baxaq görək, çünki dəfələrlə Əliyev bir söz deyib, başqa cür hərəkət edib. Biz sözlərə yox, əməllərə qiymət verəcəyik. Bütövlükdə 26 sentyabr referendumu mənasız, Azərbaycanın maraqlarına, Konstitusiyasının mahiyyətinə, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə zidd hadisələrlə zəngin idi. O cür mənasız referendumdan sonra digər səhv addımların atılacağı ehtimalı kifayət qədər böyükdür. Prosesə və qəbul edilən qərarlara baxıb sonra qiymət verəcəyik. 

Xəbər lenti