“Nemət Pənahlının İlham İsmayılın yazılarına verdiyi reaksiya onun tərbiyəsinin, səviyyəsinin, hələ də keçən müddət ərzində dəyişmədiyinin sübutudur”. 

Teleqraf.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu Nemət Pənahlının sabiq prezident Əbülfəz Elçibəy haqqında səsləndirdiyi təhqir dolu fikirlərə münasibət bildirərkən deyib.

M.Mirəlioğlu N.Pənahlının illər keçməsinə baxmayaraq hələ də öz fikirlərində qalmasına təəssüf edib: 

“Baxmayaraq ki, danışanda milli, əxlaqi dəyərləri önə çəkir və s. Yəqin yadından çıxarır ki, Heydər Əliyevə nə qədər xidmət edib, necə xidmət edib, iyun qiyamında hansı oyunlardan çıxıb, müşavirin müşaviri olmaqla da hansı xidmətlər göstərib. Biz onun keçdiyi həyat yolunu, xüsusilə də onun şərlənərək həbs olunmasını doğru saymırdıq, hesab edirdik ki, bu, onun hüquqlarının pozulması ilə bağlıdır. Ancaq təəssüf ki, nə həbsxana həyatı, nə ötən illər, nə ağaran saçlar, nə keçdiyi yol Neməti ağıllandırmadı”. 

Partiya rəhbəri N.Pənahlını müdafiə edənləri də qınayıb: 

“Təəssüflər olsun ki, Əbülfəz Elçibəyin komandasında olmuş bir sıra adamlar var ki, Nemətlə dostluqlarını davam etdirilər, siyasi əqidə birliyi nümayiş etdirilər, hətta ona dəstək verirlər. Bu da təəssüfləndiricidi. Çox arzu olunandır ki, o, heç olmazsa yaşının indiki vaxtında özünə, böyüyünə hörmət eləsin, ağzına gələni danışmasın. Zamanında mitinqlərdə nələr deyirdi, iyun qiyamında Gəncədə göstərdiyi xidmətləri, o xidmətlərin nəticələri və s. unudulmayıb.  

Bunların hamısı öz yerində, amma gün gələcək o peşmançılığını ifadə edəcək. İnsan təbii ki, öz hərəkətlərinə qiymət verməyi bacarmalıdır. Bir sıra media mənsubları var ki, ona tribuna tanıyırlar, istəyirlər ki, o hər şeyə münasibət bildirsin. Əgər bu addımlar davam edəcəksə, hər şeyə münasibət bildirəcəksə, əlbəttə ki, adekvat münasibətlər görəcək. Bəzən kimlərinsə adam olacağını gözləyirik, amma bu bir həqiqətdir ki, kim dünyaya nə cür gəlibsə, o cür də dünyadan gedir. Südlə gələn sümüklə gedər, qozbeli qəbir düzəldər”

Xəbər lenti