Elşən Əlisoy

Sənə bir daş atar yerindən duran,

Səni sevdiklərin daş-qalaq eylər.

Hər zaman olduğu kimi bu gün də  haqqa doğru gedənlərə, haqqa səsləyənlərə qarşı şər qüvvələr birləşiblər. Bu kəmfürsətlər anlamırlar ki, Haqq yolunun yolçuları  daşıdıqları missiyaları dərk edən və Tanrının seçilmişləri olduqları üçün bundan inciməz, əksinə onlara qucaq açmaqla axirət günü onları yanacaqları atəşdən qorumağa çalışan müqəddəs insanlardır. Bu insanlar daşlanmalarına rəğmən qarşılıqsız sevərlər Allahın yaratdıqlarını.

Taifdə Peyğəmbəri (s) daşlayan zaman da, Rəsulullah Onu daşlayan insanlara gülümsəyər, onların bağışlanması üçün dua edərdi. Çünki rəhmətlə vəzifələndirilmişlər  belə edərlər. Əbülfəz Elçibəy də belə etdi- ona atılan daşlarları heç zaman geriyə atmadı, vətənin bir parçası kimi sevdi o daşları. Əbülfəz bəy ona atılan daşların harayını duyur, daşlardan onu atanları bağışlamalarını diləyirdi.

Sevgi və imanla yüklənənlər Allah dostlarıdır. Allah öz dostlarınıa etibar edər, dostlarını vəzifələndirər. Əbülfəz Elçibəyi vəzifələndirdiyi kimi…

Əbülfəz bəy, 70 il rus əsarətində yaşayan soydaşlarının halından xəbərdar idi. Ona görə də, “Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.” Deyərdi.

Bir zamanlar olduğu kimi bu gün də bir çoxlarının çörəyi bəyi "təftiş" etməklə çıxır,  bir çoxlarının da “yeni həyat”a vəsiqəsi Əbülfəz bəyi təhqir etməklə başlayır. Allah yanında hansı günahı etdiklərindən xəbərsiz olan bu yazıqlar sonlarını düşünmək əvəzinə  şeytanın yolunun yolçuları olmağa  davam edirlər.  Bunlar özləri də bilirlər ki, bəyə qarşı gedənlərin heç birinin aqibəti yaxşı olmadı. Allah onları “xidmət” etdiklərinin əlləri ilə də cəzalandırdı. Bir zaman Əliheydər Qarayevləri, Əzizbəyovları Stalinə cəzalandırdığı kimi.

Musa peyğəmbər qövmünü Fironun zülmündən xilas etdikdən sonra onu buraxaraq yenə də Fironun bütünə sitayiş edənlər yanında olan münafiqlər oldular.  Bu gün də fitnə yayanların bəziləri saxta “azadlıq aşiqi” adlandırılanlardır.

Əbülfəz bəyi hər kəs dərk edə bilməz. Bəyi dərk etmək iman məsələsidir. Bəyi dərk etmək üçün şəxsiyyət olmaq lazımdır, adam olmaq bəs etmir. Qəlbi möhürlənənlər bəyi dərk edə bilməzlər!     

Mən Əbülfəz bəyi İmam Həsənə bənzədirəm.  Həyatları da oxşardır, hakimiyyətləri də…   İmam Həsəni "təftiş" edənlər əslində Müaviyəyə biət edənlər idi. Bəyi də "təftiş" edənlər haqdan ilk qaçanlar oldular. 

Hakimiyyət Bəy üçün sadəcə xidmət idi. Bəy zülm etməyə yox, xidmət etməyə gəlmişdi xalqına. Əbülfəz bəy Xaliqə gedən doğru yolu yürüyənlərdən idi. Hakimiyyət də bəy üçün yaradanına doğru yürümək üçün vasitə idi.  Bəy ona görə də, “Xaliqə qovuşmağın yolu xalqı sevməkdən keçir” deyərdi hər zaman.

Bəyi daşlayanlar yaxşı bilirlər ki, bəy bağışlayacaq onları. Onlar bilirlər ki, Əbülfəz bəy onların bağışlanmasını diləyəcək Tanrıdan. Ancaq daşlar bağışlamayacaq  onları bəyə doğru atanları. Bəyin öpüb gözünün üstünə qoyduğu daşlar qarğıyacaqlar, şikayətçi olacaqlar onları bəyə tərəf ataraq sarayların əfvinə sığınanlardan.  O zaman şeytan da üz döndərəcək onlardan, bu mənim fitnəm deyildi  deyə bağışlanmasını istəyəcək uca yaradandan.

 

 

 

Xəbər lenti