Noyabrın 15-də Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sərviz Süleymanovun sürücüsü Vələddin Rəhimovun döyülməsi işi üzrə məhkəmə keçiriləcək. Teleqraf.az-ın xəbərinə görə, V.Rəhimova xəsarət yetirən şəxs Vüsal Seyidovdur.

O, Cinayət Məcəlləsinin 221.3-cü  (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib.

Artıq noyabrın 1-də Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ayın 15-də isə növbəti məhkəmə prosesidir.

Hadisənin maraqlı tərəfi budur ki, təqsirləndirilən V. Seyidov Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanovun bacısı oğludur.

Yəni bacıoğlu dayısının sürücüsünü qanına qəltan edib və indi məhkəmədə mühakimə edilir. Cinayətin hansı motivdə baş verdiyi haqda müfəssəl məlumatlar açıqlanmır. Belə iddialar səslənir ki, Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlunun həbsdən çıxardığı kimi o da sürücüsünü qurban verib onu xilas etməyə hazırlaşır. Onun qeyri-rəsmi danışıqlar apardığı haqda məlumatlar dolaşmaqdadır.

Lakin Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovun personası son dərəcə maraqlıdır. Sən demə, S.Süleymanov əvvəl Sumqayıtda Mənzil İstismar Sahələrindən birinin rəisi, sonra şəhər Bələdiyyəsində mülkiyyət şöbəsinin müdiri olub.

Ancaq gözlənilmədən Sumqayıtdan Abşerona göndərilib. Bu yerdəyişmədə müəyyən qanun pozuntularının aşkarlanması, işində nöqsana yol verməsi və töhmət alması iddiaları var.

Ona görə Ceyranbatan qəsəbəsində icra nümayəndəsi işləyib, 2008-ci ildə isə həyat dəyişib, karyerasının pik nöqtəsinə çatıb - 10 ildən çox Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini olub.

2018-ci ilin yanvarında isə bu vəzifədən azad edilib. Amma bu illər ərzində adı mətbuatda heç də yaxşı hadisələrdə keçməyib.   Necə deyərlər, zamanında araşdırma aparılsaydı, Abşeronun baş memarı olan Akif Əliyevin taleyini yaşayacağı belə istisna deyildi. Çünki bir sıra qanunsuzluqlarda ad keçib.

KİV-də gedən məlumatlara görə, S.Süleymanovun Abşeronun Goradil, Fatmayi, Məhəmmədi kəndlərinin ərazisində vətəndaşların etibarından istifadə edərək torpaqlarını ələ keçirdiyi iddia olunur. Deyilənə görə, mənimsədiyi torpaq sahələrini yaxınlarının adına rəsmiləşdirib.

S.Süleymanov qarşılığında geniş biznes şəbəkəsi qura bilib. Onun Abşeronda, Bakı və Sumqayıtda ticarət obyektləri var. İndisə bacısı oğlu onun şoferini döydüyü üçün məhkəməyə çıxarılır. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gələcək.

“Sputnika Armeniya” xəbər verir ki, məlumatı Rusiya Cənubi Hərbi Dairəsi yayıb. Bildirilib ki, noyabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti yerəşdirilməsinin bir ili tamam olur.

Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov Müdafiə Nazirliyinin 200-ə yaxın medalını özü ilə birlikdə gətirir. Hərbi xidmətdə fərqlənənlər həmin medallarla təltif ediləcəklər.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib. R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib.

Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-mayor Mixail Kosobokov rəhbərlik edir.

Oktyabrın 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik komandirləri, o cümlədən digər məsul zabitlər isə müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Əvvəlcə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların xidmət və məişət şəraiti, o cümlədən mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan işlər barədə bir daha ətraflı məlumat verilib.
Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.
Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.
General-polkovnik Z.Həsənov qış mövsümünü nəzərə alaraq bölmələrin fəaliyyətinin, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.



Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.

Tehsil.biz xəbər verir ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.





Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

APA-nın məlumatına görə, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bir necə gündür, ölkədə Anım Gününə hazırlıqlar gedir. Artıq Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.

Bütün vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.
Ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.











Xəbər lenti