Beynəlxalq təşkilatların həbsini siyasi saydığı bir neçə məhbusun cəza çəkdiyi 13 saylı çəzaçəkmə müəssisəsinə xüsusi təyinatlılar yeridilib.

Bu barədə gununsesi.info Penitensiar Xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, 2 gün əvvəl müəssisəyə daxil olan xüsusi təyinatlılar məhbuslara qarşı fiziki zorakılığa əl atıblar. Məhbuslardan Füzuli rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Dəhşətli işgəncəyə məruz qalan hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (Vərəmli Məhkumların Müalicə Müəssisəsi) adlandırılan “işgəncə kolonu”na göndərilib. Qeyd edək ki, ölkənin bütün müəssisələrində “islah olunmayan” məhkumlar “Tubzona” göndərilir və orada amansız işgəncələrlə üzləşirlər. Məlumatda qeyd olunur ki, hər iki məhkum orada ac-susuz saxlanılır, gündə iki dəfə döyülür. Sayt əməkdaşı xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

O, müəssisəyə qoşun yeridilməsini təkzib etsə də adıçəkilən məhkumlarla bağlı məlumat verəcəyini deyib. Xatırladaq ki, 13 saylı cəzaçəkmə müəssisəsində vicdan məhbuslarından Əbdül Əbilov və İlkin Rüstəmzadə saxlanılır.

Bir müddət əvvələ qədər sabiq səhiyyə naziri Əli İnsanov da bu müəssisədə saxlanılırdı. Lakin barəsində yeni cinayət işinin açılması ilə əlaqədar Ə.İnsanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu səbəbdən müəssisədə baş verən olay zamanı orada olmayıb. 13 saylı cəzaçəkmə müəssisəsi yerləşməsi və kommunal şəraitinə görə ölkənin ən pis cəzaçəkmə müəssisələrindən biri hesab edilir. Qışda qaz və elektrik problemi, yayda isə müəssisəsinin ətrafında yerləşən daş karxanalarından qalxan toz-tozanaq, susuzluq məhkumların elə belə də yüngül olmayan həyatlarını bir qədər də ağırlaşdırır. Çəzaçəkmə müəssisəsindəki qurğular hamısı sovetlərdən qalıb.

Xəbər lenti