|
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevə 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunandan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib.
Onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili, həmçinin bacısına məxsus Mərdəkandakı bağ evi, eləcə də anasından miras qalan evi hazırda polis qüvvələri mühasirəyə alıb. Bu barədə Cahangir Hacıyevə yaxın şəxslər məlumat verib. Mənbənin sözlərinə görə, evlərdə adamlar var. Amma hələ nə polislər evə daxil olur, nə də evdəkilər onlara yaxınlaşıb, hansı səbəbdən mühasirəyə aldıqlarını soruşur. Cahangir Hacıyevin qohumları təxribatdan ehtiyatlanaraq, hələlik heç bir addım atmırlar.