|
Xuraman Hüseynzadə
Qara daşdan boylanan ağ saçlı qadının məzarı ötüb-keçəni yoldan edir. Kölgəsinə sığına biləcəyin bəzək ağacları, cürbəcür gül-çiçək əkilib hər tərəfində. Ağac kimi qollu-budaqlı qızılgül kollarını ilk dəfə burda gördüm. Kölgəsinə sığındım. Akif Səmədi də xatırladım hələ: “Kölgəsicə mənə bəsdi Qızılgülün yarpağının...”
Bulaq çəkilib məzarın sağ tərəfinə. Skamyalar qoyulub. Kim su içmək, az da olsa dincini almaq istəsə, burada ayaq saxlayır. Sonra mərhuma rəhmət diləyib yoluna davam eləyir.
...Həmin gül-çiçəyə qərq olmuş məzarın yanında təxminən 50 yaşlarında bir kişi dayanmışdı. Hönkür-hönkür ağlayırdı. Dəhşətliydi. İki il öncə əmimin ağlamağı bu cür yaddaşıma hopmuşdu. Cavan oğlunu torpağa əmanət edən əmimin.
...Bibimlə atam qeyri-ixtiyari ağlayan kişiyə yaxınlaşdılar. Güclə sakitləşdirdilər onu. Əl-üzünə su vurdu, şişmiş, qızarmış gözlərini cib dəsmalı ilə silə-silə hıçqırdı.
Eynən ağlaşma proqrmalarında gördüyümüz talesiz insanlardanıydı bu kişi. Tək simsarı olan anasını atıb Rusiyaya getmiş, orda bir biznesmenin qızıyla evlənmişdi. Anası səfalət içində yaşamış, günün birində küçədə ölmüşdü. Orda bir məclisdə təsadüfən görüşdüyü həmkəndlisi bu nankor oğulun üzünə tüpürmüş, “o qadının südü sənə haram olsun” demişdi. Nankor oğul da üzünün tüpürcəyini silib düz aeroporta gəlmişdi.
Gəlib anasını burda tapmışdı-bu məzarlıqda... Tənha, kol-kos basmış bir məzarmış. Gülüstana döndərib buranı.
Mənim yerimə kim olsa bu hönkürən oğula, qara daşdan boylanan ağsaçlı, nurani qadına, gül-çiçəyə, bulağa, skamyalara baxıb düşünərdi: “Görəsən torpağın üstündəki bu təmtərağın torpağın altındakı o əzabkeş anaya bir xeyri varmı?”
***
Dincəlmək üçün qəbiristanlığı seçən Knulpu xatırladım. “Kəndlilər canlarının qədrini bilmir. Ümidlərini qara torpağın altına bağlayırlar. Ona görə də canlarına cəfa verib qəbirlərin üstündə, böyür-başında yaxşı-yaxşı şeylər əkirlər”,-deyir Knulp.
***
Ziyarətimizi edib geri döndük. Adam hələ də anasının məzarı yanındaydı. Çənəsini əlləri arasına alıb fikrə getmişdi. Qara daşdan boylanan ağsaçlı qadın isə kədərli-kədərli qüruba enən günəşə baxırdı...