|
Elnur Astanbəyli
Yaptokrat deputat Aydın Mirzəzadə deyib ki, Azərbaycan Türkiyə ilə Rusiya arasında gərginliyi aradan qaldırmaq üçün vasitəçi olmağa hazırdır. Adam bilmir gülsün, yoxsa ağlasın.
Həftələrdir iki hökumət qurumu – “Azəristiliktəchizat”la “Azəriqaz” borc üstündə bir-birini qırır, bunun bədəlini isə vətəndaşlar ödəyirlər, evlərə istilik verilmir, xəstələr xəstəxanalarda, uşaqlar məktəbdə donur. Belə qabiliyyətiniz var, gedin o iki qurumu barışdırın, məsələni yoluna qoyun, insanlar bu soyuq havalarda daha artıq əziyyət, məşəqqət çəkməsin. Necə deyərlər, “əvvəl evin içi, sonra çölü”.
Elə götürək srağagün Nardaranda baş verənləri. Belə hesab edək ki, bu qanlı olayın gerçək səbəbi həqiqətən də radikal dinçilərin şəriət dövləti qurmaq planlarını önləmək olub. Axı düşünün bir: biz belə vəziyyətə necə, hardan gəlib çıxdıq? Meydanı dünyəvi, demokratik müxalifətdən, vətəndaş cəmiyyəti üzvlərindən, Azərbaycanın çağdaş, modern dünya ölkəsi olmasını istəyən, arzulayan, bunun sivil, siyasi mücadiləsini verən insanlardan təmizləyəndə onlardan boşalan yeri kimlərin doldurmağa çalışacağını təxmin etmək çətin deyildi axı! Illərdir bunu yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar oldu. Əvəzində rejimin linç aparatının, repressiya maşınının daha sürətlə çalışmağa başladığını gördük.
Yox, əgər Nardaranda olub-bitənlər rejimə öz yoxluğunda Qərbə, Avropaya Azərbaycanın da potensial Suriya, potensial Liviya, potensial Iraq ola biləcəyini göstərmək, bununla da hakimiyyətinin ömrünü daha da uzatmaq, onlardan dəstək qoparmaq üçün lazım idisə, bu da keçməz. Artıq tərəqqipərvər dünyada bu cür işləklər keçməz. Onlar artıq yaxşı bilir və görürlər ki, Azərbaycanda dünyəviliyə, çağdaşlığı, modern hüquq dövləti olmağa ən böyük təhdid anti-demokratik, korrupsioner, ədalətsiz hakimiyyətlərdir. Bu cür hakimiyyətlər hər cür özünüifadə imkanları (azad mətbuat, adil seçki, sərbəst toplaşmaq və s.) əllərindən alınmış toplumları istənilən ekstremizmə (dini, etnik, irqi) təhrik edirlər. Bir ölkə təsəvvür edin ki, orada insanların yerdə ədalət tapmağa inamı qalmayıb, yaxşı, indi onların ədaləti göylərdən gözləməsindən təbii nə var? Bir toplum təsəvvür edin, orada insanlar fikirlərini hürcə, özgürcə söyləməkdən qorxur, çəkinirlər, onlara seçib-seçilmək haqqı tanınmır, onlar bir yerə toplaşıb dərdlərini, ağrılarını, problemlərini ürküsüz, azad şəkildə ifadə edə bilməzlər, yaxşı, indi belə bir toplumun içində yığılan enerjinin nifrətə, qəzəbə, aqressiyaya dönüşməsini necə önləmək olar?
Artıq bu adi, sadə həqiqətləri tərəqqipərvər dünya aydın görür, dərk və qəbul edir. Odur ki, Islam coğrafiyalarındakı avtoritar rejimlərin Qərbi, Avropanı “radikal dinçilərlə” şantaj etmələri ciddi qarşılanmır. Hələ həmin ölkə Azərbaycandırsa, buna inanmaq, ümumiyyətlə, müşkül məsələdir. Türk və müsəlman coğrafiyasının ilk teatrını, ilk qəzetini, ilk operasını, ən nəhayət ilk Cümhuriyyətini qurmaq ənənəsi olan bir ölkədə radikal dini təmayüllər üçün münbit zəmin yaranıbsa, bunun ən böyük səbəbi yanlış, çağdışı idarəetmədir. Bəşəri dəyərləri, çağdaş idealları inadla, israrla rədd edəndə, təhsilin kökünü qazıyıb, müəllim adını seçki saxtakarlığının sinoniminə, kitabxanaları kababxanalara çevirəndə bunun hansı acı nəticələr doğura biləcəyini də öncədən görməliydiniz.
Və sonda: dünən xəbər gəldi ki, Gəncədə də dindarlarla polis arasında insident olub. Deyirlər, yaralanan da var. Unutmusunuzsa, xatırladım cənab yapçılar: bu, sizin, Azərbaycanı dünyəvi, modern bir ölkə, Respublika kimi görmək istəyən böyük Məmməd Əmin Rəsulzadənin büstünün başına torba keçirdiyiniz, amma oradakı Imamzadə məscidinə “təmir və yenidənqurma” adı altında son bir neçə ildə 26 milyon manat ayırdığınız Gəncədir…