|
Səxavət Tağlar
Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağların 80-ci illərdə Xankəndi Dövlət Pedaqoji İnstitunda oxuyarkən Şuşa və ümumən Qarabağ ədəbi mühiti barədə tələbəlik illərinin yaddaş çözüntüləri.
...Şuşanın əsrarəngiz gözəlliyi, meşələri, dağları, tarixi abidələri, hər qarış torpağı, daşı, bir-birindən gözəl insanları qoynuna düşən hər bir kəsdə xoş ovqat yaratmaya bilmirdi. Təbiətin yaratdığı nə varsa elə bil rəssam fırçasından çıxıb. İnsanları gözəllik işığında, qeyri-ixtiyari kamillik zirvəsinə yüksəlib. Kamil insanlar da öz töhvələrini ixtiyari olaraq ilahi gözəlliyə bərabər, tay tutublar. Gözəllik gözəlliyə, saflıq-saflığa calanıb. Kim bilir, bəlkə də XVIII əsrin ortalarında Vaqifi Qazaxdan Qarabağ Xanlığının mərkəzi Şuşa şəhərinə çəkən də məhz bu gözəllik, bu saflıq olub. Vaqif, Zakir, Nəvvab, Natavan kimi nəhəng şairlər yetirən Şuşa hər zaman öz ədəbi mühiti ilə seçilib. İşğala kimi Şuşa “Natavan poeziya evi”, “Vaqif çeşməsi” ədəbi məclislərdə Dağlıq Qarabağ yazarlarını özündə birləşdirib. İstedadlı şairlər Adil Cəmil və Ələmdar Quluzadə “Yazıçı” nəşriyyatında “Vaqif çeşməsi” adlı almanax buraxıblar ki, burada da birlik üzvlərinin ən dəyərli nümunələri öz əksini tapır.
..80-ci illərdə Xankəındi Dövlət Pedaqoji İnstitunun istedadlı tələbə yazarlarına da təklif olunur du ki, bu ədəbi birliyin məşğələlərində iştark etsin. O vaxtlar birlikdə bəyənilən ən dəyərli sənət nümunələri “Şuşa” qəzetində dərc olunurdu. Bİz tələbələr qəzetin nömrələrini necə səbirsizliklə gözləyirdik. Bizdən iki kurs yuxarı oxuyan Ələmdar Quluzadə və Adil Şirin tələbə ikən istedadlı şair kimi tanınırdılar. İnstitutun öz ədəbi məclisində Ələmdar Bəylər, Rəhman Baxşəliyev, Məfkurə, Rəhim Zalov, İsmayıl İslamov və başqa tələbələr də yaradıcılq uğurları ilə seçilirdi.
...Aran Qarabağından Dağlıq Qarabağa yenicə köçmüş şair Ənvər Əhməd “Şuşa” şerini o vaxtlar yazmışdı. İstedadlı şair doğma yurdun gül-çiçəyini və onun üstünə düşən dan şehini, bülbüllərin göz yaşına bənzədir, gözəllik aşiqi bülbüllərin göz yaşına:
Gözümlə gözəllik çələngi hördüm,
Qurbanam sevdiyim bu doğma yurda.
Güllərin üstündə dan şehi gördüm,
Dedilər bülbüllər ağlayıb burda.
“Vaqif çeşməsi”ndə boy atan şair Allahyar Xocalı isə vətənin, yurdun misilsiz gözəllikərini Vətən, el sevgisi ilə vəsf edərək yazır.
Gözəllik aşiqi bir
bülbül olub,
Dağlarda çiçəyə, gülə
düşəydim.
Qaranquştək yüz eli
yurd edincə,
Burda sərçə olub
kola düşəydim.
Keçilməz meşədə dönüb
cığıra
Vətənə düşəydim,
Elə düşəydim.
Ağsu rayonundan olan tələbə yazar İsmayıl İslamov (O, mərhum xalq artisti Mikayıl Mirzəyevin yaxın qohumu idi.) həm öz ədəbi yaradıcılığı, həm də aktiyorluq qabliyyətinə görə seçilirdi. Aztv-nin o vaxtlar “Kitab evi” verlişinin daimi aparıcılarından biri idi.
80-ci illərdə Ələmdar Quluzadə artıq respublika ədəbi mühitində kifayət qədər tanınırdı. O, eyni zamanda, DQMV-nın içtimai-siyasi həyatında öz fəallığı ilə seçilirdi. Biz yerli radioda onun çıxışlarını maraqla dinləyirdik. O, fikir tutumu, poetik deyim tərzi ilə ədəbi məclislərin önündə durmağı, nümunə olmağı məharətlə bacarırdı. Vaqifin məqbərəsinin açılışı ilə bağlı möhtəbər tədbirdə Ulu Öndər Heydər Əliyevin Iştrakı Qarabağda ədəbiyyata, sənətə olan hörmət kimi dəyərləndirilirdi. “Vaqif qayıdıbdır Cıdır düzünə” şerində şair Vaqifin qan yaddaşımızda əbədi yaşayacağını göstərir:
Şairlər susublar söz
kəhərində,
Durnalar sərilib
göyün üzünə,
Iyirminci əsrin
al səhərində
Vaqif qayıdıbdır
Cıdır düzünə.
Nəğməsi qəlbləri
yandırıb, yaxıb,
Gözəllər az qalır
od tutub yana.
Vaqif daş paltarda
səfərə çıxıb,
Yeriyir zamanın
sonsuzluğuna.
Tələbəlik illərində Hamlet Cavadovun, İlhami Cəfərovun, Əli Mahmudun, Zöhrə Cəfərovanın, Eyyub Şırlanlınnın, Allahverdi Babayevin, İsa Şuşalının, Qasım Qırxqızlının, Məhsəti Əhmədovanın, Aidə Əliyevanın və İsa Əvəzoğlunun poeziya nümunələri hisslərimizə, düşüncələrimizə hakim kəsilib. Onları sevə-sevə oxumuşuq və bir çoxlarının tale yolu məhz bizim İnstitutumzla bağlı olub. O illərdən qırx ilə yaxın bir vaxt ötüb. Bu şairlər artıq Azərbaycan ədəbiyyatının cəfakeşləridir. Bir çoxları ilə dostluğumuz, xeyir-şər münasibətlərimiz bu gün də davam edir.