|
Elşən İsmayıl
Hökmranlığı dövründə milyonlarla günahsız insanın ölümünə səbəb olmuş Sovet ideologiyası, çox təəssüf ki dağılmasından 25 ildən artıq bir zaman keçməsinə baxmayaraq cəmiyyətdə hələ də öz təsirini göstərməkdədir. Bu barədə öncəki müsahibəmdə qısaca məlumat versəm də bu dəfə bu mövzuya geniş yer ayırmaq istədim. Çünki xalqın hələ də bu “yoluxucu xəstəlikdən” qurtulmaması bir millətçi kimi məni dərindən narahat edir. Bu dəfə mən sizlərə ən xırda ayrıntısına qədər bu ümumbəşər düşməni ideologiyanı aydınlatmağa çalışacağam, əlbəttə ki öz fərqli baxış açımla...
70 ilin ən ağır avtoritar rejimi ilə idarə edilən qəddar Sovet imperiyası 20-ci əsrin 80-90-cı illərində xarici qüvvələrin təsiriylə və zülm altında qalan, daima azadlıq mübarizəsində olan xalqların milli üsyanı nəticəsində, minlərlə insanın qanı bahasına dağıldı. Amma bəzilərinin sandığı və təbliğ etdiyi kimi bununla hər şey bitmədi. Əksinə öncələr üzdə olan, açıqca görünən kommunist-bolşevik sistem indi sözdə “müstəqil” dövlətlərin “daxili orqanlarına” kimi yeridi və MDB adı altında yeni avtoritar, diktatorial bir qurumla əvəzləndi. Bu qurum ilk baxışda sadə birlik xarakteri daşısa da əslində keçmiş KQB (DTK) üzvləri, onların davamçıları və onların yeni yaratdığı sözdə “müstəqil” qurumlar tərəfindən dolayısı yollarla idarə olundu. Keçən bu neçə illər ərzində beynəlxalq baxışda sadə təşkilat görkəmi yaradan bu qurum və onun təsirində olan dövlətlərin daxilinə öncələrdən yerləşdirilmiş keçmiş KQB (DTK) üzvlərinin idarə etdiyi bir sıra orqanlar çox asan vasitələrlə öz agenturalarını yaratdılar və yenidən sovet ideologiyasını müxtəlif adlar altında və müxtəlif bəhanələrlə təbliğ etməyə başladılar. Bu zaman çərçivəsində isə bu qurumların fəaliyyətləri genişləyərək gücləndi və tədricən bir-birini əvəzləyən yeni təşkilatlar, sistemlər yaranmağa davam etdi. Bu sistemlər son dövrlərə qədər inkişaf etdi ki nəticədə beynəlxalq rəyə təsir edəcək güclü təşkilatlar yarandı. Buna misal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyini göstərmək olar. Kim nə deyir desin qurulan bütün bu qurumlar bir məqsədə - keçmiş Sovet imperiyası sərhədlərini bərpasına və idarəsinə, həmçinin SSRİ dağıldıqdan sonra yaranan yeni müstəqil dövlətlərin güclənməməsinə və inkişafının qarşısının alınmasına xidmət edir. Bunda da maraqlı olan əlbəttə ki, birinci Rusiya, sonra isə bölgədə maraqları toqquşan bir sıra Avropa ölkələri və Çindir.
İndisə sizə sistemiylə və nəticəsiylə ən ağır xəstəliyi xatırladan bu ideologiyanın millətimizə, bölgənin sadə xalqına təsirindən danışacağam. Bu ideologiya sadə insanların həyat tərzinə o dərəcə nüfuz etmişdir ki, müşahidə edərkən həmən özünü büruzə verir. İstər cəmiyyətin ictimai, istərsə də siyasi həyatında kommunizmin, bolşevizmin təsirlərini görmək olar. Əsasən orta yaşlı əhalidə özünü daha artıq göstərən bu “xəstəlik”, müəllimdən tutmuş bank müdirinə, rayon icra hakimindən tutmuş ta polis rəisinə kimi, xırda MİS-lər, Bələdiyyələr və bir sıra kommunal idarələri öz caynağı altına almışdır. Bu təsir daha çox məmurların vəzifə hərisliyində, “kreslo” uğrunda bir-birilərinə necə badalaq gəlmələrində, ikiüzlü müavinlərin və köməkçilərin son dərəcə alçaq və yaltaq həyat tərzində, sadə insanlarınsa bir-birinə mənasız yerə durmadan paxıllıq etməsində, bir-birinin səhvlərini üzə vurmasında, “sukalıqda” və bəzi mövzularda nə olursa olsun əsla bir-birini qəbul etməməkdə daha aydın nəzərə çarpır. Məni daha çox narahat edən fakt son vurğuladığım elementdir, yəni bir-birini qəbullanmamaq. Bu ilk baxışda xırda bir şey kimi görünsə də əslində cəmiyyətin, xalqımızın böyük problemidir. Çünki nəzərə çarpan digər bütün problemlər bu faktorla bilavasitə əlaqəlidir. Bu problem əsasında xalqda başlıca olaraq özünə arxayınlıq, ondan doğan tənbəllik və ən təhlükəlisi milli birliyin olmaması məsələsi ortaya çıxır. Bu isə zaman-zaman dövlətin zəifləməsinə, parçalanmasına, hətta gələcəkdə düşmənlərimiz tərəfindən asanlıqla işğalına gətirib çıxara bilər. Və beləliklə tarixdə dəfələrlə rastlaşdığımız asimilasiya, yox oluş və bir millətin tarixdən silinməsi təhlükəsi yaranar. Bütün bu problemlərinsə kökündə yuxarıda adlarını qeyd etdiyim dövlətlərin, güclərin bilavasitə əli, onların hüquq mühafizə orqanlarının dövlətimizin daxilində, cəmiyyətimizin içində yaratdığı və yaxın zamanlarda ölkə başçımızın təəssüflə qeyd etdiyi “5-ci kolon”-un anarxist, parçalayıcı fəaliyyəti durur.
Bu problemi həll etmək, ölkəmizdəki vətən xainlərini ortaya çıxarmaq və təmizləmək, sovet ideologiyalı orta yaşlı əhalini milli sahədə maarifləndirmək və ya ciddi xəbərdar etmək, bolşevik sistemi yerli-dibli məhv etmək öncə dövlətimizin, sonra bütün xalqımızın müqəddəs borcu olmalıdır. Millət olaraq anlamalıyıq ki, əgər bu “yoluxucu xəstəlikdən” qurtulmasaq bizim üçün nə yaxşı gələcək, nə gözəl həyat, nə də firavan ömür olmayacaq. Ona görə bütün şəxsi düşüncələri, mənafe mübarizələrini, özünə vurğunluğu kənara qoyub hamılıqla bu məsələnin həllinə çalışmalıyıq. Unutmamalıyıq ki bu vətən hamımızın ümumi “evidir”. Və bu evi zibildən, tör-töküntüdən təmizləməliyik. Beləcə bütün bəşəriyyətin həyatına təsir edən xəstəlikdən də tezliklə qurtular və qloballaşan dünyada öz xoşbəxt, firavan həyatımızla seçilərik...