|
Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında Siyəzəndə dünən bahalaşma əleyhinə baş verən aksiyanın Müsavat Partiyası tərəfindən təşkil olunduğunu deyib: “Siyəzəndə 25-30 nəfər unun bahalaşması ilə bağlı etiraz edib. Bizim partiyanın yerli təşkilatından dəqiq məlumat aldım ki, bu aksiyanı təşkil eləyən Müsavat Partiyasının Siyəzən rayon təşkilatıdır. İnsanları həmin təşkilat qızışdıraraq meydana gətirməyə çalışıb. Sonra etirazçılarla rayon icra hakimiyyətinin rəhbərliyi görüş keçirib, onlar dinlənilib. Qaldırılan məsələ ilə bağlı tədbir görülməsi üçün onlara vəd verilib. Sonra isə icra hakimiyyətində müşavirə keçirilib, məsələlər müzakirə edilib”.
Müsavat Partiyasının başqanı Arif Hacılı F.Ağamalının ittihamlarına cavab verib. O, “Yeni Müsavat”a deyib ki, baş verən narazılıqlar əhalinin indiki iqtisadi siyasətdən, düşdükləri ağır durumdan irəli gələn hadisələrdir: “Bu proseslər yəqin ki, bütün ölkədə davam edəcək. Müsavat Partiyasının respublikanın bütün ərazisində yerli strukturları mövcuddur.
Azərbaycan xalqının ağır duruma düşdüyü məqamda Müsavata, onun yerli strukturlarına, ayrı-ayrı nüfuzlu müsavatçılara müraciət etməsinə də təbii yanaşmaq lazımdır. Ancaq konkret olaraq son günlərdə keçirilən aksiyaların təşkilatçısı Müsavat Partiyası deyil.
Basta əməkdaşı ilə söhbətində Müsavat başqanı əlavə edib ki, hakimiyyət dairələri xalqın etirazını iqtidarla Müsavatın qarşıdurması kimi təqdim etmək və hərəkatı boğmaq istəyir: “Əslində xalq ayağa qalxır”.