|
Uzun illərdir Azərbaycanda baş nazir postunu tutan Artur Rasi-zadənin bu ilin 26 fevral tarixində 81 yaşı tamam oldu. Bu xəbərin fonunda ictimaiyyətdə onun yaşının, vəzifəsini icra etməyə mane olması ilə bağlı müxtəlif fikirlər bildirildi.
Bəs Artur Rasi-zadə vəzifəsindən azad edilərsə bu vəzifəyə kimin təyin olunması daha uyğundur?
Məsələ ilə bağlı musavat.com-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, əgər baş naziri təyin etmək onun səlahiyyətində olsa, həmin şəxs Ümid Partiyasından olar:
“Baş naziri təyin etmək prezidentin səlahiyyətindədir. Məndən olsa, hökuməti buraxıb, özüm Ümid Partiyasından hökumət təşkil edərəm”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, baş nazirin vəzifəsindən azad edilməsi üçün heç bir sosial sifariş yoxdur:
“Məsələ sorğu ilə həll olunmur. Bu ölkə prezidentinin səlahiyyətinə aiddir. Bu gün baş nazirimiz öz işinin öhdəsindən müvəffəqiyyətlə gəlir. Ona görə də hesab edirəm ki, mövzu aktual deyil. Bu, yerində qoyulan sorğu və məsələ deyil”.
ADP sədri Sərdar Cəlaloğlu isə musavat.com-a bildirib ki, Azərbaycanda baş nazir postuna layiq olan yüzlərlə şəxs var:
“Onların böyük əksəriyyəti müxalifətdədir. Elə iqtidarın özündə də bu posta layiq olan şəxslər var. Ancaq bir məqamı da qeyd edim. Belə bir fikir var ki, maşın xarabdırsa, həmin maşına hansı xammalı qoysan, məhsul zay olacaq. Kim olursa olsun, indiki rejimdə Azərbaycan xalqının həyatında heç bir yenilik olmayacaq. Yəni baş nazirin dəyişilməsindən vacib, indiki idarəetmə mexanizmini dəyişmək lazımdır”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu baş nazir vəzifəsinə hakimiyyətdən heç kimi uyğun görmür:
“Hesab edirəm ki, ölkədə baş nazirin dəyişdirilməsi konkret olaraq referendumdan sonra ola bilər. Bu referendum isə ölkədə yalnız parlament üsul-idarəsinə keçiddən sonra mümkündür. Proporsional seçki sisteminin bərpasından sonra qalib gələn partiyanın sədri baş nazir postuna yiyələnə bilər. Yalnız bundan sonra Azərbaycanda hansısa bir iqtisadi, siyasi inkişafdan danışmaq olar. Baş nazir belə bir vəzifədir ki, konkret olaraq birbaşa icra mexanizmidir, hökumətdir. Hökumət rəhbəri isə ölkədə bu gün fəaliyyət göstərən siyasi partiyalardan ola bilər. Hazırkı vəziyyətdə hakimiyyətin baş naziri çıxarıb, öz əhatəsindən başqasını qoyması işin xeyrinə olmayacaq. Çünki eyni komandadan hər hansı bir dəyişiklik gözləmək mümkün deyil”.