|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli sahibkarların konfransında Almaniya Bundestaqının 'erməni soyqırımı'nı tanımasını sərt şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, Ərdoğan çıxışı zamanı 1915-ci il hadisələrinin Türkiyəyə qarşı istifadə edilmək üçün çox əlverişli alətə çevrildiyini deyib. "Kipr yunanlarının törətdiyi qətliamların şahidləri hələ də yaşayırlar. Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədiblər. Bu vəhşiliklərə məruz qalanlar bu gün də yaşayırlar və həqiqətləri onlardan eşitmək mümkündür" deyə prezident əlavə edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə "erməni soyqırım"ı ittihamlarını qətiyyən qəbul etməyəcək: "Bütün dünyaya səslənirəm. Bəyənsələr də bəyənməsələr də. Birinci Dünya Müharibəsində ölkəmiz hər tərəfdən bombalanırdı. Əlbəttə ki, o dövrdə Anadoluda asayişi qorumaq üçün bir sıra tədbirlər görmüşük. Almaniya parlamenti hansı tarixi fakta əsasən bunu iddia edir? Burdan alman siyasətçilərə səslənirəm. Siz də öz arxivlərinizi açın biz də. Gəlin müzakirə edək".
Hazırda Türkiyədə 100 minə yaxın erməni olduğunu bildirən Ərdoğan, 3 milyon erməni qaçqınına da sığınacaq verdiklərini qeyd edib.