|
Xəzər Teyyublu: “YAP hakimiyyətinin ölkəni müstəqilliyə çatdıran AXC-yə və onun üzvlərinə qarşı münasibəti düşmənçilik səviyyəsindədir”
İyun ayının 16-sı Azərbaycan Xalq Hərəkatının (AXC) yaranmasının 27-ci ildönümüdür. Azərbaycanın tarixinə qızıl hərflərlə düşən bu möhtəşəm günü bir çox siyasi partiyalar özünəməxsus şəkildə qeyd edəcəklər. Teleqraf.az-ın əməkdaşı AXC-nin ildönümü ilə bağlı Milli Azadlıq Hərəkatının iştirakçısı, keçmiş siyasi məhbus, KXCP sədrinin müavini Xəzər Teyyublunun fikirlərini öyrənib.
Müstəqilliyi əldə etmək böyük çətinliklərdən uğurla keçməklə və imperiyanın xalqımıza qarşı həyata keçirdiyi böyük qırğınlar bahasına başa gəldiyini deyən KXCP sədrinin müavini Xəzər Teyyublu AXC-nin yaranmasının 27-ci ildönümünü şəhr edərkən bunları bildirib:
“Qarşıdan Azərbaycanın dövlət müstəqilliyini bərpa edən Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 27-ci ildönümü gəlir. 16 iyul 1989-cı ildə böyük demokrat, eks-prezident Əbülfəz Elçibəyin liderlik etdiyi Azərbaycan Xalq Cəbhəsinə xalq geniş dəstək verdi. Ölkənin bütün yerlərində istiqlalsevər insanlarımız bu təşkilatın rəhbərliyi altında Sovet İmperiyasına qarşı azadlıq mübarizəsinə başladılar. Xalqın öz müqəddaratı uğrunda savaşı dövlətimizin suverenliyi ilə nəticələndi. Əlbəttə ki, müstəqilliyi əldə etmək böyük çətinliklərdən uğurla keçmək və imperiyanın xalqımıza qarşı həyata keçirdiyi böyük qırğınlar bahasına başa gəldi. Moskva Azərbaycanda geniş vüsət alan xalq hərəkatını yatırmaq məqsədi ilə 20 Yanvar qətliamını törətdi, şəhidlərimiz oldu. AXC və onun lideri Əbülfəz bəy başda olmaqla İdarə Heyətinin üzvlərinə təzyiqlər, represiyalar baş verdi. Minlərlə AXC fəalı Rusiya çöllərinə, həbsxanalarına aparıldı. AXC-nin Nərimanov rayonunda yerləşən mənzil qərargahı rus əsgərləri tərəfindən gülləbaran olundu. SSRİ-nin müdafiə naziri Yazov şəxsən AXC-nin strukturlarını dagıtmaq əmri vermişdi. O zaman Bakıda fövqaladə vəziyyət yaratdılar. AXC bir müddət qapalı fəaliyyət göstərib, yenidən təşkilatlanmağı bacararaq, 1991-ci il avqustun 19-da yenidən Azadlıq meydanını ələ kecirdi. İnsanlar bütün bölgələrimizdən gələrək, AXC-nin apardığı istiqlal savaşına qoşulurdular. Xalqın əzmli müqaviməti və AXC rəhbərliyində təmsil olunan insanların əzmkarlığı nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də parlamentdə Azərbaycan xalqının iradəsinin nəticəsi olaraq Müstəqillik Aktı qəbul edildi. Həmin vaxt parlamentin qarşısında, Bakı küçələrində yüz minlərlə insan demokratiyanın, müstəqil dövlətçiliyimizin qələbəsini bayram edirdi.
AXC xalqımızı dünya xalqları arasında demokratiya sevən, azadlıqsevər, mübariz xalq kimi tanıtdı. 1992- ci ildə AXC lideri Əbülfəz Elçibəy prezident secilərək ölkəmizin demokratik dövlət quruculuğuna başladı. Təbii ki, Azərbaycanın dövlət müstəqilliyini həzm etməyən ,bizə düşmən münasibətdə dayanan limperiya sakit durmadı. Həm Kreml, həm də daxili gizli qüvvələri cəlb etməklə Elçibəy hakimiyyətini devirməyə nail oldular. AXC 1993-cü ildən bəri böyük təzyiqlərə məruz qaldı. Əbülfəz bəy vətəndaş müharibəsi senarisini pozaraq müvəqqəti Bakını tərk etdi. Minlərlə AXC üzvü və milli hökumətin rəhbərləri həbs olundu. Demokratik mübarizənin qarşısını yenə də almaq mümkün olmadı. Elçibəyin vəfatından sonra AXC parçalandı. Bununla belə fədakar azadlıqsevər cəbhəçilər mübarizəni dayandırmadılar. Ölkədə demokratiyanın bərqərar olunması ücün mübarizə aparmağa davam etdilər. Ölkədə keçirilən həm bələdiyyə, parlament, həm də prezident seçkilərində iştirak edirək, avtoritar üsul-idarəyə müqavimət göstərirlər. AXC-nin minlərlə üzvləri Qarabağ savaşında şəhid olub, indiki hakimiyyətin repressiv təzyiqləri nəticəsində minlərlə AXC üzvləri ölkəni tərk ediblər, həbsxanada olanlar da var. Onlar işsiz ailələrini dolandırmaq cətinliklərini yaşamaqla bərabər, ruhdan düşməyərək, gələcək Azərbaycan üçün mümkün şəraitdə mübarizə aparırlar.
Bu gün AXC-nin çoxminli mübariz üzvləri, Rəsulzadə-Elçibəy ideya daşıyıcıları olaraq, AXC proqramının, musavatçılıq ideologiyasının həyata keçirilməsi üçün Klassik Xalq Cəbhəsi Partiyasının sıralarında fəaliyyət göstərir. Onlar demokratiya, ədalətli xalq hakimiyyətinin qurulması yolunda mübarizə aparırlar”.
X.Teyyublunun sözlərinə görə, vaxt gələcək, 70 il rus imperialistlərinin müstəmləkəsindən sonra AXC-nin və onun qəhrəman üzvlərinin fəaliyyəti şanlı tarix üçün araşdırılacaq və qiymətini alacaq: “Bir daha qeyd edim ki, YAP hakimiyyətinin ölkəni müstəqilliyə çatdıran AXC-yə və onun üzvlərinə qarşı münasibəti düşmənçilik səviyyəsindədir. KXCP olaraq 16 iyul 2016-cı ildə, saat 12-də AXC-nin 27-ci ildönümü ilə bağlı milli liderimiz Elçibəyin məzarını ziyarət edəcək və bu bayram tədbirini KXCP qərargahında davam etdirəcəyik. Ölkəboyu cəbhəcilərimiz təmsil olunduqları rayon təşkilatları çərçivəsində də bu günü qeyd edəcəklər. AXC ideyalarını yaşadan hansı təşkilat varsa, bu günü qeyd etməlidir. Ölkədə siyasi durğunluq davam etdikcə, Azərbaycan davası daha da genişlənməlidir. Bu gün münasibəti ilə AXC-nin üzvü olmuş dostları, istiqlalsevər insanları bu gün münasibəti ilə təöbrik edərək, 16 iyulda, saat 12-də birlikdə Fəxri Xiyabanda Əbülfəz Elçibəyi ziyarət etməyə dəvət edirik. Mübarizəyə davam!”.
Qeyd edək ki, iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 27-ci ili tamam olur. 1989-cu il iyulun 16-da Bakıda gizli konfransda təsis olunan AXC-nin sədri Əbülfəz Elçibəy olub. AXC yaranarkən 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb: İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyəti üzvləri olublar. AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunublar. 1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. Bu gün Azərbaycanda olan partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.
Elşən Əlisoy