|
Səxavət Əlisoy: “Biz müxalifət olaraq son 20 ildə düzgün mübarizə taktikası seçə bilmədik”
Müxalifət partiyaları təklif edilən son konstitusiya dəyişikliklərinin qəbul edilməməsi ilə bağlı müxtəlif addımlar atır, təşəbbüs qrupları yaradır. Maraqlıdır, müxalifət referendum seçkiləri zamanı konstitusiya dəyişikliklərinin qəbul edilməməsinə nail ola biləcəkmi?
Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy müxalifətin öz məqsədinə çata bilməyəcəyini vurğulayıb:
“Müxalifət mövcud durumu ilə iqtidara heç bir təsir göstərmək gücündə deyil. Bu bir. İkincisi, xalq bu məsələdə müxalifətə dəstək vermək iqtidarında deyil. Nədən ki, onu konstitusiya dəyişikliyindən daha çox, şəxsi problemləri maraqlandırır. Axtarsan, xalqın böyük əlsəriyyətinin nədən referenduma gedildiyindən belə xəbəri də yoxdur. Üçüncüsü, bu iqtidar müxalifət min hay-küy salsa da, hətta xalq birdən yuxudan qalxıb etirazını bildirsə belə, referendumu keçirəcək və nəzərdə tutulan dəyişiklikləri böyük səs çoxluğu ilə Konstitusiya Məhkəməsinə göndərəcək. O məhkəmə də təbii ki, iclas keçirib təsdiq edəcək.
Biz müxalifət olaraq son 20 ildə düzgün mübarizə taktikası seçə bilmədik. Digər tərəfdən də bu rejim son 23 il müddətində həddən ziyadə bütün parametrlər üzrə gücləndi.
Gücün diqtəsi prosesi hələ uzun zaman davam edəcək. 10 il, 20 il. Bəlkə də daha çox. Xalq vətəndaş olduğunu dərk edənə qədər bu proses gedəcək”.