|
Əli Əliyev: “Səhvə və cinayətə yol verən həkimlərə heç cür bəraət qazandırmaq olmaz, insan həyatını qorumağı vəzifə seçmiş mütəxəssislər bütün hallarda işini ləyaqətlə, vicdanla icra etməlidir”
Hər kəs ömründə həkimə müraciət etməli olur. Bir çox hallarda insanın hansısa xəstəlikdən qurtulması, sağlam həyata qovuşması üçün cərrahi əməliyyat həyati əhəmiyyət daşıyır. Lakin pasiyentlərin öz canını həkimlərə etibar edib əməliyyat olunmaq istəkləri bəzən onların həyatı bahasına başa gəlir. Son bir neçə ildə Azərbaycanda əməliyyat masalarında dəhşətli faktların, daha dəqiq desək, ölüm hallarının qeydə alınması bunun bariz nümunəsidir.
KİV-lərdə özünə yer alan bu faktların bir neçəsini xırda epizodlarla xatırlatmaq belə, dəhşətli mənzərə yaradır. 2013-cü ildə Bakıda, “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı tənqidçi kimi tanıdığımız Elnarə Tofiqqızının ona vurulan narkozdan keçinməsi böyük əks-səda yaratdı. Mərhumun yaxınlarının və tibbi ekspertizanın açıqlamalarında E.Tofiqqızının ölümündə həkimlərin günahkar olduğu göstərildi. 2015-ci ildə 18 yaşlı Leyla Mürsəlovanın özəl klinikaların birində - “StarMed”də burnundan plastik əməliyyat zamanı ölməsi barədə də çox yazıldı. Qandonduran faciədə cərrah və klinika ittiham edilirdi. Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Sağlamlıq Klinikasında 3 yaşlı Arzu Qurbanlının burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişməsi də bu faktlar sırasındadır.
Növbəti belə ölüm faktı, məlum olduğu kimi, ötən həftə Gəncə şəhərində yerləşən tibb mərkəzlərinin birində baş verdi. 17 yaşlı qızın burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb dünyasını dəyişməsi məsələnin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Bəs yaxşı, uğursuz, ölümlə nəticələnən cərrahiyyə əməliyyatlarının sayı niyə artır? Səbəb nədir: həkim səhvi, tibbi xəta, yoxsa səhlənkarlıq?
Bu barədə fikirlərini bölüşən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, Azərbaycan Dövlət Tibb Universitetinin (AzTU) müəllimi, biologiya elmləri namizədi Əli Əliyev hesab edir ki, ölkəmizdə həkim səhvləri ilə bağlı faktlar son dövrlər çoxalıb: “Təbii ki, insanların taleyi ilə bağlı sahələr daha ciddi fəaliyyət göstərməlidir. İnsan həyatından qiymətli heç nə yoxdur. Həkim səhvi təəssüf ki, düzələ bilmir. Düzünü desək, tibb işçilərinin səhvləri həmişə olub və hər yerdə də baş verir. Bütün sahələrdə insan faktoru ilə bağlı işlərdə səhvsiz keçinmək olmur. Lakin qısa müddətdə ard-arda belə fatal yanlışlar hiddət doğurmaya bilməz”.
Bu hadisələrin daha çox insan faktoru ilə bağlı olduğunu düşünən Ə.Əliyevin fikrincə, qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır: “İnanmıram ki, onların ümumi peşə bağlılığı var. Təbii ki, səhiyyə sferasına aid ümumi problemlər mövcuddur. Lakin bildiyim qədər son aylarda baş verən xətaların konkret subyektiv səbəbləri mövcuddur. Azərbaycan səhiyyəsindəki vəziyyət digər sahələrdən nə çox, nə də azdır. Sadəcə olaraq, tikinti sahəsində, yol çəkilişində, təhsildə, sosial və digər sahələrdəki yanlışlar bir o qədər rezonans doğurmur. Ancaq səhiyyədə baş verənlər dərhal haqlı şəkildə əks-sədaya səbəb olur. Çünki ən qiymətli məfhum insan həyatıdır. Misal üçün, maliyyə sektorunda son dövrlər baş verənlər ən miqyaslı və təsirli ictimai hadisədir. Ölkə iki dəfə kasıblaşıb. Əmlakımız və dövlətin kapitalizasiyası iki dəfədən artıq dəyərdən düşüb. Nədənsə mütəxəssislərdən və ara söhbətlərdən başqa bu problemlə bağlı heç kim danışmır? Yaxud, 30 illiyə zəmanəti olan Bakı-Quba şossesi artıq dağılıb, amma gəlin görək, kimsə məsuliyyətə cəlb olunubmu, kimsə bu barədə yazıbmı? Ölkənin varidatı qısa müddətdə göyə sovrulub, kimi isə bu narahat edirmi? Və ya Azərbaycan əhalisi bilirmi ki, ölkəmizdə ən az maaş alan həkimlərdir? Əlbəttə, bunlar heç bir halda səhvə, bəlkə də cinayətə yol verən həkimlərə bəraət üçün ünvanlanan suallar deyil. İnsan həyatını qorumağı vəzifə seçmiş mütəxəssislər bütün hallarda vəzifələrini ləyaqətlə, vicdanla icra etməlidirlər. Lakin həkimlərin də yaşayış, fəaliyyət, dolanışıq şəraitini yaxşılaşdırmağı cəmiyyət və aidiyyətli şəxslər düşünməlidirlər. Necə olur ki, paralel təhsil almış və mütəxəssis kimi formalaşmış prokurorla həkimin arasındakı maaş fərqi bəzi hallarda 10 dəfə birincilərin xeyrinədir?”