|
Oltay Gülalıyev: “Azad olmayan və özünü azad edə bilməyən cəmiyyətin onun maraqlarını müdafiə edən hansısa təbəqəni və ya şəxsləri azad etməsi çox çətindir”
Son bir ildə hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına, ictimai- siyasi fəallara qarşı apardığı repressiyalar özünün kulminasiya nöqtəsinə çatıb. Məhz keçən ilin avqust ayından başlanan növbəti həbs dalğası tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, jurnalist Rauf Mirqədirovun, sonrakı mərhələdə Xədicə İsmayılın, ictimai fəal Elvin Abdullayevin, hüquq müdafiəçisi Taleh Xasməmmədovun və digərlərinin həbsi ilə davam etdi. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatları, xüsusən donor təşkilatları ölkədən qovduqdan sonra vətəndaş cəmiyyətini tam susdurmaq üçün müstəqil QHT- lərin bank hesablarına həbs qoydu, onları əsassız vergi yoxlamalarına cəlb etdi. Bir sıra QHT rəhbərləri haqqında cinayət işi açdı, onların ölkədən çıxşını yasaqladı, bəzilərini ölkəni tərk etmək məcburiyyəti ilə üz- üzə qoydu. Ölkənin sərvətlərini, milyonlarını talan edib mənimsəyən məmurların talançılığına göz yumduğu halda QHT- lərin qəpik- quruşunu saymağa başladı. Əslində bütün bunlar yuxarıda qeyd olunduğu kimi Azərbaycanda müstəqil vətəndaş cəmiyyətini məhv etmək, hakimiyyətin dili ilə desək “5- ci kolon”-u tam sıradan çıxarmaq üçün atılan silsilə addımlar idi.
Seçkidən imtina- siyasi məhbuslara dəstək...
Hazırda ölkədə azad mətbuat, müstəqil vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb. Bir çox ictimai fəallar, hüquq müdafiəçiləri, jurnalistlər qanunsuz həbs həyatı yaşayır. Ölkəmiz dünyanın ən çox siyasi və vicdan məhbusları olan ölkələrindən biridir. Rəsmi məlumatlara görə onların sayı 80 civarında olsa da əslində bu rəqəm daha çoxdur. Hətta Avropanın son avtoritar ölkələrindən hesab olunan Belorusiyada dövlət başçısı Lukoşenko öz sərəncamı ilə axırıncı 6 siyasi məhbusu da azadlığa buraxdı. Amma Azərbaycanda siyasi məhbus problemi nəinki həll olunmur, əksinə onların həbsdən çıxan həmkarlarının yerinə yeniləri şərlənib həbsə atılır. Yeri gəlmişkən qeyd edək ki, ölkədə ifadə azadlığının boğulduğu, anti- demokratik mühitin hökm sürdüyü, vətəndaş cəmiyyətinin qətlinə fərman verildiyi indiki məqamda siyasi məhbusların azadlığa buraxılmadığını əsas gətirən Demokratik Qüvvələrin Milli Şurası qarşıdan gələn 1 noyabr parlament seçkilərində iştirakdan imtina barədə qərar qəbul edib. Bu qərar reallıqdan doğan düzgün qərar olmaqla siyasi baxışlarına görə şərlənərək həbs olunmuş şəxslərin azadlığı ugrunda aparılan mübarizəyə göstərilən ən böyük ehtiram və dəstəkdir. Avropa Parlamentinin 10 sentyabr tarixli məlum qətnaməsi, eləcə də ATƏT- in DTİHB- nun seçkilərin müşahidəçiliyindən imtina qərarı və bu qərarın ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənməsi Milli Şuranın mövqeyinin doğru olduğunu bir daha ortaya qoydu.
Azərbaycanda insan haqlarına, söz- mətbuat azadlığına, demokratik inkişaf üçün Avropa Parlamentinin timsalında beynəlxalq dəstəyin ifadə olunduğu hazırki dövrdə demokratik qüvvələrin üzərinə düşən əsas vəzifə avtoritarizmə qarşı xalqın milli müqavimət gücünü artıraraq onu mübarizəyə ruhlandırmaq və öz ardınca aparmaqdır.
Görüləcək əsas işlərdən biri yerli və beynəlxalq ictimaiyyətin diqqətini vətəndaş cəmiyyətinə qarşı olan respressiyalara, siyasi məhbuslara və onların azad olunmasına yönəltməkdir. Etiraf etmək lazımdır ki, bu gün cəmiyyətdə bir çox problemlərə, o cümlədən siyasi məhbus probleminə qarşı ümumi bir süstlük, laqeydlik var. Təkcə bir fakt deyək; 01 noyabrda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı hazırda seçki kampaniyasının nəzəri baxımdan qızğın vaxtıdır. Amma ölkədə hər hansı ciddi seçki abı- havası hiss olunmur. Təbii ki, bu vəziyyəti, hər bir xalqın taleyində mühüm rol oynayan seçkilərə laqeyd münasibəti iqtidar yaradıb. Antı- demokratik seçki mühitinin mövcud olduğu indiki məqamda bundan artıq seçki abı- havası da gözləmək mümkün deyil. Vəziyyəti dəyişdirmək, xalqı öz haqqı ugrunda mübarizəyə qaldırmağın ən önəmli üsüllarından biri toplumun arasında siyasi maarifçilik işi aparmaq, xalqı bu mübarizəyə inandırmaqdır. Məhz hakimiyyət bu işin aparılmasından qorxduğu üçün narazı xalq kütlələrinin arasına ictimai fəalların çıxmasını istəmir və həmişə bunu müxtəlif yollarla əngəlləməyə çalışır. Biz bu halı 2013- cü ildə İsmayıllı hadisələri zamanı İlqar Məmmədov və Tofiq Yaqublunun hətta məlum hadisədən sonra adı çəkilən rayona səfər etmələri, eləcə də bir neçə ay öncə Mingəçevirdə polis şöbəsində qətlə yetirilən gəncin ölümünə etiraz əlaməti olaraq insanların küçələrə çıxması və bu hadisələr zamanı hakimiyyətin təlaş və qorxu içində göstərdiyi zorakı adekvat reaksiyada gördük.
Birgə İşçi Qrupun bir ili...
Siyasi məhbusların azadlığa buraxılması üçün artan beynəlxalq təpkiləri səngitmək məqsədi ilə hakimiyyət bir il bundan öncə İnsan haqları ilə bağlı Birgə İşçi Qrup yaratdı. Qrupa Prezident Adiminstrasiyasının, bəzi nazirlik və komitələrin nümayəndələri ilə yanaşı, Milli Məclis üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri də təyin olundu. Hələ o zaman bildirdik ki, siyasi məhbusların azad olunması üçün bu kimi qrupların yaradılmasına ehtiyac yoxdur. Belə qurumların yaradılması hakimiyyətin manevr və imitasiya imkanlarını genişləndirməyə xidmət edir. Çağırış etdik ki, heç olmasa vətəndaş cəmiyyəti təmsilçiləri adı altında bəzi hüquq müdafiəçiləri hökümətin bu imitasiya oyununda iştirak etməsinlər. Əksinə həmin insanlar bildirdilər ki, imkan və vaxt verin biz bu problemləri həll edəcəyik. Ötən bir il göstərdi ki, həqiqətən İnsan haqları ilə bağlı yaradılan Birgə İşçi Qrup geniş səlahiyyətli kontigentə malik olmasına baxmayaraq ölkədə siyasi məhbus probleminin həll edilməsi, eləcə də insan haqlarının müdafiəsi ilə bağlı hər hansı ciddi iş görə bilmədi. Düzdür quruma daxil olan bəzi ayrı- ayrı şəxslər problemin çözülməsi istiqamətində müəyyən təşəbbüslər göstərdilər. Lakin bu təşəbbüslər qarşıya qoyulan missiyanın yerinə yetirilməsi üçün yetərli olmadı. Çünki həmişə dediyimiz bu fikri yenə təkrarlayaraq bildirək ki, Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu bu hakimiyyətin mahiyyəti, varlığı ilə sıx bağlıdır. Güclü təsirlərin fonunda siyasi iradə nümayiş olunmasa ən yüksək səviyyələrdə belə yaradılmış qurumlar ölkədə insan haqları, siyasi məhbuslarla bağlı problemi həll edə bilməz.
Siyasi məhbuslara qarşı qisasçı və amansız münasibət...
Hakimiyyətin siyasi məhbuslara göstərdiyi münasibət ortadadır. Hakimiyyət etmədiyi cinayətə görə ictimai fəalları şərləyərək həbs edir, onlara qarşı cinayət məcəlləsinin ağırlaşdırıcı maddələri ilə cinayət işi açır. Ədalətsiz məhkəmə hökmü ilə fantastik və ağır cəza təyin edir. Amma anoloji cinayəti törədən digər insanlara, xüsusən dövlət əmlakını və büdcəsini mənimsəyən vəzifəli korrupsioner şəxslərə, hətta adam ölümü ilə nəticələnən məmur övladlarının məsuliyyətsiz hərəkətlərinə görə ya yüngül, ya da şərti cəza təyin olunur. Dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamlarında isə daha çox bu katqoriyadan olan məhkumlar azadlığa buraxılır. Yeri gəlmişkən sonuncu dəfə imzalanan əfv sərəncamı 7 ay bundan öncə olub. Cəmi bir neçə siyasi məhbusun adının yer aldığı həmin əfv siyahısında 101 məhkumun yarıdan çoxu (59 nəfər) ağır cinayət törətməkdə ittiham olunaraq Bakı və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunublar (bax; http://www.president.az/articles/14580). Onların bir çoxları haqqında məhkəmə hökmü yeni idi- 2013 və 2014- cü il... Yəni o şəxslər heç cəzalarının 1/3- ni, 1/4- ni belə çəkməyiblər. Hakimiyyət siyasi məhbuslara qarşı açıqca ayrı- seçkilik, kəskin qisasçı və amansız rəftar nümayiş etdirir. Təkcə 60 yaşlı ahıl qadın, tanınmış hüquq müdafiəçisi Leyla Yunusa verilən işgəncələr, onun səhhətinə olan laqeyd münasibət bu rəftarın səviyyəsini və dərəcəsini göstərə bilər. Və yaxud Ermənistan müxalifətinin Qriqoriyan adlı geydirmə liderini, hansısa erməni dığasını təm- taraqla Bakıya gətirib, sığınacaq verən, onu evlə, yeməklə təmin edib təhlükəsizliyini qoruyan Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun, Asif Yusiflinin timsalında ermənilərə güllə atan Qarabağ qazilərini- öz vətəndaşlarını həbsxanada çürüdür. Onlara gen dünyanı dar edir, ugrunda canını qoyduğu ölkədə ailəsi ilə birgə adam kimi yaşamağa imkan vermir.
Siyasi məhbusların azadlığı üçün...
Siyasi məhbuslar toplumun bir hissəsidir. Onları xalqdan ayrı təsəvvür etmək qeyri- mümkündür. əksinə onların böyük əksəriyyəti ictimai dəyərlər ugrunda apardıqları mübarizəyə görə şərlənərək həbs olunublar. Onların azadlığa çıxması həm də toplumun ümumi maraqlarına uyğundur. Yəni onların azadlığı məsələsi toplumun marağında olmalıdır. Amma gəlin kiçik bir rəy sorğusu keçirək, görək ölkə əhalisinin neçə faizi hazırda həbsdə olan siyasi məhbusları tanıyır. Kimsə iddia edə bilər ki, siyasi məhbuslar cəmiyyətə kifayət qədər tanıdılmır. Amma etiraf etmək lazımdır ki, cəmiyyət də onları tanımağa kifayət qədər maraq göstərmir. Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, toplum hələ onun maraqlarına uyğun məsələlərə və şəxslərə kifayət qədər adekvat deyil. Toplumun siyasi cəhətdən maariflənməsinə ehtiyac var. Azad olmayan və özünü azad edə bilməyən cəmiyyətin onun maraqlarını müdafiə edən hansısa təbəqəni və ya şəxsləri azad etməsi çox çətindir. Ona görə də toplumun azad olunması ön plana çıxır. Toplumun azad olunması həm də siyasi məhbusların azad olunmasıdır. Toplum özü qorxu və əsarət yükündən azad olunanda dərk edə bilər ki, Azadlıq böyük nemətdir. Onu da dərk edəcək ki, onun azadlığa uğrunda indiyə qədər mübarizə aparanların önəmli və əhəmiyyətli bir hissəsi də bu gün həbsdə olan siyasi məhbuslardır. Toplum azadlığın nə olduğunu dərk edəndə onun mövcudluğu və qorunması ugrunda daha qətiyyətli mübarizə aparacaq. İndiki halda bizim əsas vəzifələrimizdən biri toplumu həqiqi azadlığa çatdırmaq, onun nə qədər vacib və əhəmiyyətli bir nemət olduğunu ona dərk etdirməkdir. Toplum azad olanda ölkədə siyasi məhbus problemi də olmayacaq. Çünki azadlıq əldə edən toplumda, cəmiyyətdə süni şəkildə insan azadlığının məhdudlaşdırılması kimi problemlərin mövcudluğu çətin olacaq. Ona görə də siyasi məhbusların azadlığına gedən yol həm də toplumun azadlığından keçir. Toplumun azadlığına gedən yol isə siyasi maarifçilikdən və təşkilatçılıqdan keçir.
...Siyasi məhbusların azadlığı ugrunda mübarizə aparmaq hər bir insanın həm də vicdan borcudur. Çünki onlar başqalarının haqqı və azadlığı ugrunda mübarizə apararkən öz azadlıqlarını qurban veriblər. Onların azadlığa çıxmağı həm də bizlərin apardığı mübarizənin effektindən və gücündən, toplumun maariflənməsindən və təşkilatlanmasından asılıdır. Gəlin siyasi məhbusların azadlığı ugrunda mübarizəmizi birləşdirək və gücləndirək! Bu problem bizdən sonrakı nəsilə buraxmayaraq. Unutmayaq ki, “siyasi məhbuslarsız Azərbaycan”- da yaşamaq həm də normal, demokratik, sivil cəmiyyətdə, ölkədə yaşamağın əsas şərtlərindən biridir.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi