|
Elşən İsmayıl
Televizordan Elmira Rəhimovanın o xoş, həzin, iç açıcı səsi eşidildi. Aztv-də yenə onun məşhur “Tələbə” mahnısını verirdilər. Həqiqətən də qulaq asanda istənilən insanı kövrəldən necədə gözəl səs idi o... Universiteti, kolleci bitirmiş istənilən şəxs o mahnını duyanda xəyalən bir neçə anlıq ötən günlərinə qayıdır, ömrünün bahar çağındakı o unudulmaz, əvəzsiz zamanlarını xatırlayırdı.
Artıq qırxını adlamış, saçlarının qıraqları, ortasındakı bəzi telləri ağarmış Faiq müəllim də bu dəfə möhtəşəm səsi eşitdi və təzəcə yuxudan oyanan yorğun gözlərini ovxaladı. Tez mətbəxə keçib həmişəki kimi səhər qəhvəsini hazırladı və televizorun qarşısında öz yerini aldı.
Aman Allah, necədə gözəl mahnıdır. İnsanı lap keçmişə aparır – deyə Faiq müəllim düşündü. İnsanda olduqca dərin hislər oyadan bu əsrarəngiz musiqi deyəsən Faiq müəllimə çox təsir etmişdi. O da, duyanda qeyri-ixtiyari şəkildə xəyala dalan hər kəs kimi “keçmiş zamanlara səyahət elədi”...
Haradasa 20 il bundan qabaq olardı. Faiq müəllim Pedaqoji Universitetə yenicə qəbul olmuşdu. Burada oxumağa gələn bir çoxları kimi o da Bakıda yaşamağa ilk dəfə idi cəhd edirdi. Düzdür, nefti ilə dünyada məşhur olan bu “nazlı” Bakı onu ilk vaxtlar elə-belə qəbul eləməsə də zaman keçdikcə Faiqlə Bakı iki ayrılmaz “dost” oldular. Hətta elə olmuşdu ki, biri o birini qısa müddətlik də olsa tərk edəndə dərhal darıxır, öz dostuna qovuşmağa vaxt sayırdı.
Faiq müəllim hələ o vaxtı bığ yeri təzəcə tərləmiş, şəhərlilərin yaşayış tərzinə, adətinə qəribə təəccüblə baxan rayon uşağı idi. Tələbə yoldaşları ilk vaxtlar onunla, dünya görüşünün az olmasına görəmi, yoxsa sırf rayon uşağı olmasına görəmidir, bilinməz, amma yaman zarafatlaşırdılar. Gənc tələbə olan Faiq də əvvəllər onları heç anlamır, olduqca tərbiyəsiz olduqlarını düşünürdü. Amma zaman keçdikcə tələbə yoldaşlarına, onların şit zarafatlarına, ümumiyyətlə yerli bakılıların həyat tərzinə öyrəşə bildi, rayon uşağı Faiq...
Oxuduğu fakültədə marağına səbəb ola biləcək çoxlu gənc tələbə qız vardı. Amma nədənsə universitetə qəbul olmasından iki il keçməsinə baxmayaraq, gənc Faiqin heç də ağlında qızlar, eşq-məhəbbət macərası yox idi. Onunla artıq dostlaşmış tələbə yoldaşları isə əksinə çoxdan öz “yavuqlularını” tapmışdılar. Faiq müəlliminsə fikri elə müəllim olmaq idi. Ona görə də zamanını gəncliyin saysız hesabsız əyləncələrinə deyil, oxumağa həsr edirdi. Beləcə o günlərlə universitet kitabxanasından çıxmırdı. Amma o zamanlar Faiq müəllim bilmirdi ki, ağlına belə gətirmədiyi, haqında heç vaxt düşünmədiyi, cəmi bir neçə dəfə gördüyü bir tələbə qız onu ürəyindən vuracaqdı. Özü də həmişəlik...
Onunla ədəbiyyat dərsindən öncə, kitabxanada qarşılaşdı. İlk öncə fikir verməsə də, sonra “salam”, daha sonra “cavan oğlan, sizə salam verdim, niyə almırsınız” kimi sözləri eşidəndə, tənəffüsdən bəri gözlərini dikərək, bütün diqqətini ayırdığı kitabdan ayrıldı, gənc və saf tələbə oğlan Faiq. Və hər şey o unudulmaz andan sonra başladı. İki saf, ürəyi açıq, məsum gəncin sevimli gözləri bir-biriylə qovuşdu. Bir neçə saniyə içində o tələbə qızla Faiq yamanca baxışdılar. Amma bu saf duyğularla atılmış addım heç bir tərəfdən öncədən planlaşdırılmamışdı. Heç qızın özü də belə olacağını düşünməmişdi. Amma artıq olan olmuşdu. Tanrı onları universitet kitabxanasında, oxuma masalarının birinin qarşısında bir-birinə aşiq etmişdi...
Qız Faiqi tez-tez bədən tərbiyəsi dərsində görürdü. Onun əzələli qolları, sərrast baxışları, iti addımları və hünərli əl-ayaq hərəkətləri sadəcə xoşuna gəlmişdi bu naməlum tələbə qızın. Amma bu “xoşuna gəlmə” adi bir baxışmadan sonra illərin unutdura bilməyəcəyi bir eşqə çevriləcəyini bilmirdi, bu haqda düşünmürdü, ilk vaxtlar bu gənc tələbə qız...
Tələbəlik illəri həqiqətən də insanın ömründə cəmi bircə dəfə yaşayacağı, ən xoş, ən gözəl, unudulmaz və əvəzsiz anlarıdır. Ona görə hər insan bu illəri özünə xas, əyləncəli, yadda qalan və gözəl yaşamağa çalışmalıdır. Necə ki çox gənc məs belə də yaşayır. Amma o vaxtlar Faiq sadəcə ömrünü ləyaqətlə başa vuracağı peşəsini öyrənməyə çalışırdı. Düşünmürdü ki, su kimi axıb gedən bu qızıl qədər dəyərli illər ömründə bir daha heç vaxt olmayacaq. Bir də onu kimsə “rayon uşağı” deyə çağırmayacaq...
Kitabxanadakı baxışmanın davamı “necəsən, dərslərin necə gedir və s.” kimi ifadələrlə keçsə də həmin gün, həmin ay, həmin il... heç birinin yadından çıxmadı. Faiq tezliklə o tələbə qızla əvvəl yaxın dost, sonra sirdaş, daha sonra isə sevgili oldu. Bəli, cəmi 3 ay sonra onlar artıq sevgili idilər...
İndi o gözəl illəri, ayları, günləri xatırladıqca kövrələn Faiq müəllim Elmira Rəhimovanın o xoş, həzin, iç açıcı mahnısıyla birlikdə dəfələrlə “keçmişə gedib-gəldi”.
Yaxşı yadındandır, universiteti qurtarmağa cəmi bir qalmışdı. Qızın da, onun da ürəyi həmişəkindən daha cəld, daha həyəcanla döyünürdü. Yox ki, artıq onlar bir-birinə möhkəm məhəbbət telləriylə bağlanmışlar, ona görə ki, həyatlarının ən gözəl anlarını yaşadıqları bu tələbəlik bitməyə qədəm qoymuşdu. Zaman keçdikcə kövrəlir, canlarına üşütmə düşürdü, bu saf aşiqlərin. Amma nə etmək olardı, hər şey öz axarında, vaxt keçməkdə idi.
Son dəfə son zəngdə bir-birinə böyük həsrət və sevgiylə baxdılar. Dostlarından utandıqları üçün əl-ələ tutmağa belə cəsarət etmirdilər. Amma əlləri sözlərinə baxmır, elə göz oğurlayıb barmaqların uclarıyla bir-birinə toxunurdu. Hər toxunuşda bir sevgi nəğməsi səslənir, yeni bir dastan yazılırdı. Amma “zalım” son zəng onlara qətiyyən acımadı. Eşidiləndə qulaq batırsa da ilk dərs ili hər tələbəyə həzin bir musiqi kimi gələn zəngin səsi indi daha uğultulu, daha vahiməli gəlirdi. Və beləliklə Faiq müəllim gənc sevgilisindən ayrıldı...
Ayrılmağa məcbur idilər. Çünki Faiqin atası onun qarşısına hələ illər öncə rədd edə bilməyəcəyi bir öhdəlik qoymuşdu. Ondan sonra 5 nəfərlik böyük ailə Faiqin məsuliyyətinə keçmişdi. Bəli, o sadəcə məcbur idi. 5 il öncə ağır xəstəlikdən vəfat edən ata, gənc oğlunu vaxtından öncə qocaltmışdı. Hələ eşqin nə olduğunu aydınlaşdırmağa çalışan gənc tələbə oğlan, birdən-birə “ailə başçısı” statusunu almış və bununla da bütün gəncliyinin üstündən xətt çəkmişdi.
Sevdiyi tələbə qızınsa valideynlərinin heç də onu ucqar rayona ərə vermək fikirləri yox idi. Məs valideynlərin uşaqlar haqqındakı “robot sxeminə” bənzər planları çox vaxt onları xoşbəxt olmağa qoymur. Bəli, bu məs belədir ki, indi Faiq də istər-istəməz bu plana daxil olmuşdu.
İllər beləcə keçdi. Artıq Faiq rayonda sayılıb-seçilən müəllimlərdən biri idi. Tələbəlik illərindəki sevgilidənsə bir xəbər-ətər yox idi. Faiq müəllim özündən xeyli kiçik iki bacısına, bir qardaşına və yaşlı anasına sahib çıxıb hər birini xoşbəxt edə bilsə də özü o zalım “son zəng”-dən bəri heç vaxt xoşbəxt ola bilmədi. Amma zaman maraqlı sürprizini sanki sona hazırlamışdı.
Faiqin bacıları böyüyüb həddi-buluğa çatdılar. Hər biri gənc yaşda ailə qurub, “uçub getdilər”. Qardaşı şəhərə dəvət alıb işləməyə qohumlarından birinin yanına getdi. Yaşlı ana isə addımbaşı elə hey “Faiq, sən nə vaxt evlənəcəksən, mən bu qoca vaxtımda nənə ola bilməyəcəm?” deyirdi. Faiq müəlliminsə fikri hələ də tələbə qızda qalmışdı. Keçən bu neçə illər ərzində daima onu düşündü...
Faiq müəllim bitməsinə baxmayaraq hələ də Elmira Rəhimovanın “Tələbə” mahnısının təsirindən ayrılmamışdı. Amma onu, iki tanış səs, qarşısında xəyala dalıb oturduğu televizordan ayırdı. Biri yatağında ah-vah dən xəstə anasının, digəri isə qapıda onu gözləyən, illər keçməsinə baxmayaraq bir az yaşlansa da əvvəlki təravətini itirməmiş o unudulmaz tələbə qızın...
Elşən İsmayıl
Gənc ssenarist və yazar