|
Nicat Dağlar
Martın 8-də Bakıda qanunsuz aksiya keçirən fəallardan biri – əlində tutduğu şüarla cəmiyyətin qınaq obyektinə çevrilən Aysel Ələkbərzadə intihara cəhd edib.
Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda reanimasiyadadır.
24 yaşlı bu xanımın aksiyadan sonra paylaşıdığı statuslara, canlı yayımlarına göz gəzdirdim. Qənaətim belədir: Aysel Ələkbərzadənin feminizm fəlsəfəsindən xəbəri yoxdur, bu cərəyanın hansı zərurətdən meydana gəldiyini bilmir. Hər cümləsinin, hər kəlməsinin arxasından feminizmin imitasiyası ilə məşğul olan stajlı ləçərlərin təsiri boy verir. Bu gənc xanıma “qadın hüquqularından” dərs keçənlər onu inandırıblar ki, feminizmin kökündə “nə istəsəm…, kimə estəsəm…” prinsipi dayanır. Beləcə pozublar onu, yolundan sapdırıb, əxlaqsızlığa, mənəviyyatsızlığa sürükləyiblər.
…Və o, tək deyil!
Yüzlərlə gənc qızın gələcəyinə balta çalınıb – “qadın hüquqları”, “gender bərabərliyi” adı altında. Martın 8-də keçirilmiş aksiyanın iştirakçılarının əlindəki şüarlar da göstərdi ki, bu gün Azərbaycanda feminist adı ilə ortalıqda dolaşanların əsl məqsədi əxlaqsızlığı təbliğ etmək, dəyərlərimizə zərbə vurmaq, ailə institutunun sıradan çıxmasına nail olmaqdır – “Nə istəsəm…, kimə istəsəm” şəkilli şüarların başqa bir izahı ola bilməz. Bu adamları nə təhsil maraqlandırır, nə də erkən nigahlar – tüfeyli həyat istəyirlər! Sevgi hissləri bu qadınlardan uzaqdır. “Kimlə gəldi, necə gəldi” “azadlığından” başqa heç nə düşünmürlər. Nəinki bir polisə, bütövlükdə cəmiyyətə orta barmaq göstərəcək qədər tərbiyyəsizdirlər. Dindirsən, deyəcəklər ki, barmaq bizimdir, kimə istəsək göstərərik…
Olmayacaq! Alınmayacaq!
İstədiklərinə BİZİM ÖLKƏDƏ çata bilməyəcəklər. Bu əminliyimi yaradan da 8 mart aksiyasına cəmiyyətin verdiyi reaksiyadır – Pislənildi, lənətləndi!
Təhlükəli oyun gedir. Hədəfdə Azərbaycan cəmiyyətinin söykəndiyi ali və müqəddəs nəsnələrdir. Sözssüz ki, bu iyrənc oyunun arxasında xarici mərkəzlər dayanır. 8 mart aksiyasının iştirakçıları da bəzilərinin iddia etdiyi kimi kortəbii formada küçəyə çıxmamışdılar. Aksiyananın konkret təşkilatçıları var və onlar mütləq müəyyən olunmalıdır. Həmin adamlar əxlaqsızlığı təbliğ edən aksiyaya görə cavab verməlidirlər.