|
"Mübariz Qurbanlı hara, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olması hara?"
“Məhərrəmliklə bağlı qadağalarla nəyəsə nail olmaq mümkün deyil. Bu, heç doğru da deyil”. KXCP sədri Mirmahmud Mirəlioğlu məhərrəmlik ayında evlərdə dini ayinlərə qadağa qoyulmasına münasibət bildirərkən belə deyib. O, teleqraf.az-a açıqlamasında bildirib ki, məhərrəmliyin evlərdə keçirilməsinin qarşısını bununla almaq mümkün olmayacaq.
“Hesab edirlər ki, əgər məscidlərdə tədbir keçirilməsinə şərait varsa, məscidlər rəsmi şəkildə fəaliyyət göstərirsə, artıq evlərdə tədbirin keçirilməsi missiyasını başa vurub. Dinin qorunub saxlanılmasından ötrü bu ad altında başqa işlərin görülməsi yolverilməzdir, bunu mən də pisləyirəm. Azərbaycan qanunlarına hörmət edilməlidir. Amma kimsə gəlib burnunu hər kəsin evinə soxaraq bu məsələlərdən sui-istifadə edəcəksə, bu da olmaz, yolverilməzdir. Düşünürəm ki, tədbirlərin, mərasimlərin məscidlərdə keçirilməsi daha doğrudur. Ancaq bu hökumətdən yaxşı bir şey gözləmək də doğru deyil. Məhərrəmlikdə evlərdə mərasimlərin keçirilməsini sovet dövründə də qadağa etmişdilər, amma bununla qarşısını ala bilmədilər. Biz evlərimizdə ad günü mərasimləri, toy mərasimləri keçiririk. Bunları qadağan etmək mümkündürmü? Yox. Dini mərasimin qadağası da o cürdür. Ondansa rüşvəti qadağan etsinlər, korrupsiyanı qadağan etsinlər, insan haqlarının pozulmasını qadağan etsinlər və sair. Bunun qarşınını almaq mümkün olmayacaq. Qadağalarla nəyəsə nail olmaq mümkün deyil, doğru da deyil. Mübariz Qurbanlı bu hakimiyyətin dini komitəsinin sədridir. Təbii, kimi istəsələr, komitə sədri qoya bilərlər. Ancaq uyğun adamı tapsalar, bir qədər normal qarşılanar. Mübariz Qurbanlı hara, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olması hara? Hər şeyin bir əndazəsi var”.
Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir: “Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir”. Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır: “O cümlədən müxtəlif dini atributları da nümayiş etdirmək olmaz. Bu, yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq”.
Komitə sədri qeyd edib ki, məhərrəmlik ayının keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib: “Fətvada birmənalı göstərilib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Eyni zamanda, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir. Məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl etməlidirlər. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi ilə əlaqədar monitorinqlər keçirəcəklər. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək”.
Amin