|
Fazil Mustafa: Gedin görün İranda Azərbaycan bayrağını bu formada qaldırmaq imkanına sahibsinizmi?
“Siz İranı təbliğ edirsiniz, ya imam Hüseyn faciəsinin üznütüsünü yaşayırsınız?”
Aşura günü Nardaranda İran bayrağının və bu dövlətin rəhbərliyində təmsil olunan şəxslərin plakatlarının qaldırlmasına demək olar ki, yeganə kəskin münasibət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı tərəfindən ortaya qoyuldu. Bu cür halları qınayan M.Qurbanlı həmin dini icmalara ciddi xəbərdarlıq edildiyini, baş verənlərin yolverilməz olduğunu vurğuladı.
Maraqlıdır, Nardaranda və ya Azərbaycanın istənilən məkanında İran bayrağının qaldırılması dövlətçiliyimiz üçün hansısa təhlükə vəd edirmi? Əgər edirsə, o zaman niyə dövlət bu təhlükənin aradan qaldırlması istiqamətində ciddi addımlar atmır? Azərbaycanda İran bayrağı qaldıranlara bu cəsarəti verən kim və ya nədir?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran millət vəkili Fazil Mustafa məlum problemlə bağlı maraqlı fikirlər səsləndirdi:
“Hesab edirəm ki, bu məsələyə dövlətin yanaşması sərt olmalıdır. Azərbaycan müstəqil bir dövlətdir. Gedin görün İranda hansısa şəhərdə, tutaq ki, Təbrizdə Azərbaycan bayrağını bu formada qaldırmaq imkanına sahibsinizmi? Dərhal əlaqədar qurumlar həmin şəxsi məhv edərlər. Azərbaycanda isə görünür bunu xoşgörülü qarşılayan müəyyən məmurlar var. Bunu dəstəkləyən müəyyən insanlar var. Görünür, Azərbaycan dövlətinə sevgi azdır. Azərbaycan bayrağına hörmət azdır. Belə şeyə yol vermək dövlət adından məqbul deyil. Necə olur ki, müxalifətin mitinqində kimsə bir bayraq qaldırır və bu, dərhal köşə yazılarına daşınır. Hamı bu bayraqdan danışır. Bəs indi necə olur ki, İran bayraqları ilə bağlı kimsə dillənmir? Niyə bir səs-küy salan yoxdur? Bu, dövləti bir cinayətdir. Başqa ölkənin təbliğatını, ideoloji xəttini Azərbaycan cəmiyyətində təbliğinin dövlət tərəfindən bu cür sakit qarşılaması yolverilməzdir. Bu bayraq və plakatları kimlər qaldırıbsa, onlar məsulihyyətə cəlb olunaraq cəzalandırılmalıdır. İran bayrağının dini mərasimə nə dəxli? İran özünə görə ayrıca bir din yaradıb öz yolunda gedirsə, bunun Azərbaycana nə aiddiyyatı? İnsanların dinə baxışları fərqli ola bilər. Məzhəb baxışları fərqli ola bilər. Kimsə başqa ölkənin din xadimini təbliğ edirsə, o Azərbaycana qarşı işləyir. Məsələ bu cür dərk edilməlidir. Mən dini baxışlar arasında ayrı-sekilik etmirəm. Azərbaycana bağlı olan istənilən din xadimi, dini inanca sahib insan bizim vətəndaşımızdır. Biz ona sayqı ilə yanaşırıq. Xristian olsun, yəhudi olsun, sünni və ya şiə olsun-fərqi yoxdur. Lakin başqa ölkənin din xadimini təbliğ edən insanlar Azərbaycan dövlətinə qarşı olan şəxslərdir. Onlara qarşı müəyyən ölçü götürülməlidir. Bu baxımdan mən də dini komitə sədrinin bu yanaşmasını dəstəkləyirəm. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının bu məsələdə yumşaq davranması yolverilməzdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Kimlər o şəkilləri qaldırıbsa, o bayrağı qaldırıbsa məsuliyyətə cəlb olunmalıdır. Siz İran dövlətini təbliğ edirsiniz, ya imam Hüseyn faciəsinin üznütüsünü yaşayırsınız? Deməli, siz saxtakarsınız. Siz İran dövlətinin təbliğatçılarıdır. Təbii ki, orada çoxsaylı səmimi inanclı insnalar var. Onlar bu kateqoriyaya aid deyil. Amma xarici ölkələrin dəstəklədiyi müəyyən şəxslər var ki, onlar prosesləri təbii məcrasından çıxardaraq İranın agenturasının istədiyi istiqamətə çəkirlər. Buna yol vermək olmaz”.