|
Artıq ikinci dəfədir ki, erməni ailəsinə yox cavabı verilib.
Ermənistan hökuməti hazırda Azərbaycanda olan 5 nəfər Ermənistan vətəndaşından ibarət ailəni qəbul etmək istəmir.
Azərbaycan hökumətindəki mənbənin Trend-ə verdiyi məlumata görə, Ermənistan dövləti 4 il 9 ay bundan əvvəl Azərbaycana gəlmiş Ermənistan vətəndaşı olan 5 nəfərdən ibarət ailəni qəbul etmək istəmir.
Mənbə bildirib ki, Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı 2010-cu il yanvarın 10-da Azərbaycan Respublikasına könüllü gəliblər. Y.Gevorkyan ailəsi ilə birlikdə öz avtomobilində Yerasx-Naxçıvan sərhədini keçərək Azərbaycan tərəfinə gəlib və sığınacaq istəyib. O bildirib ki, dözülməz həyat şəraiti onu Ermənistanı tərk etməyə məcbur edib. O, üçüncü ölkəyə göndərilməsini xahiş edib.
Lakin Azərbaycan tərəfinin səylərinə baxmayaraq, bu erməni ailəsini heç bir üçüncü ölkə qəbul etmək istəmir. Mənbə bildirib ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, istəyinə nail ola bilmədiklərini görən Gevorkyanlar artıq vətənləri Ermənistana qayıtmaq qərarına gəldiklərini bəyan ediblər. Y.Gevorkyanın hazırda əsas istəyi Ermənistana dönmək, dönəndən sonra təqiblərə məruz qalmamaq, övladlarının erməni dilində təhsil almaları və normal şəraitdə yaşamalarına nail olmaqdır.
Bununla bağlı Gevorkyanlar ailəsi artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) 2 dəfə müraciət ediblər. Lakin onların bu istəyini rəsmi İrəvana çatdıran BQXK-ya isə “yox!” cavabı verilib.
Ermənistan tərəfi isə Y.Gevorkyanın ağır cinayətlərə görə 8 dəfə məhkum olunduğunu və cəzadan gizlənməyə çalışdığını bildirir.
Problemlə əlaqədar sualları cavablandıran BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK hər hansı şəxslə bağlı aparılan danışıqların mövzusunu açıqlamır: “Bu məsələlər konfidensial hesab olunur və bizim tərəfimizdən bu və ya bu kimi məsələlərlə bağlı ictimiayyətə açıq məlumat verilmir”.
Qeyd edək ki, Y.Gevorkyan və ailəsi əslində müharibə qurbanı hesab edilmir. Başqa sözlə, onların nə əsir, nə də girov düşmüş şəxs olduğunu açıqlayan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha öncə bildirmişdi ki, Ermənistan tərəfinin mətbuatda yaydığı məlumata əsasən, orada Y.Gevorkyan barədə cinayət işi mövcuddur. Bu səbəbdən də o, Ermənistana qayıtmaqdan imtina edir və üçüncü ölkəyə getmələri barədə Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan hökuməti isə beynəlxalq qanunlara və üzərinə götürdüyü öhdəliklərə əsasən, bu ailə ilə bağlı məsələnin həlli üçün BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına müraciət edib.
Ermənistan hökumətinin öz vətəndaşlarının taleyinə biganəliyi və beynəlxalq təşkilatlara hörmətsizliyi ucbatından isə problem hələ də açıq və həll olunmamış qalır. Artıq 4 il 9 aydır Ermənistan vətəndaşları olan 5 nəfərlik ailəyə müvəqqəti sıınacaq vermiş və hərtərəfli qayğı ilə əhatə etmiş Azərbaycan dövlətinin onlara bundan sonra nə vaxta kimi yiyə duracağı isə bəlli deyil.