|
“125-lər” Siyasi Klubu bundan sonra fəaliyyətini davam etdirmək üçün qərar verməyə hazırlaşır. Bu məqsədlə qurumun bu gün saat 18.00-da toplantısı nəzərdə tutulub. Teleqraf.az xəbər verir ki, Bu barədə Cebhe.info-ya daxil olan məlumatı “125-lər” klubunun üzvü Aysel Əlizadə təsdiqləyib.
O, adıçəkilən qurumun bundan sonra fəaliyyətini davam etdirməsinin tərəfdarı olduğunu dedi: “Biz bu klubu təsis edəndə məqsədimiz yalnız parlamentə getməkdən ibarət deyildi. Adından da göründüyü kimi “125-lər” parlamentə alternativ bir formatda təşkil olunmuşdu. Lakin biz toplumla işləmək, Avropa dəyərlərini, dünyəviliyi yaymağı qarşımıza məqsəd qoymuşduq. Ona görə də hesab edirəm ki, birlikdə olmağımıza ehtiyac var. Ayrı-ayrılıqda olmağımız birliyimizi parçalaya bilər. Mənim ali məqsədim deputat olmaq olmayıb. Bu imkanı əldə etsəydim millətimə xidmət etmək üçün bir vasitə ola bilərdi. Eləcə də düşünürəm ki, dostlarım, həmkarlarım da bu qənaətdə olmalıdır və “125-lər”in dağılmasının tərəfdarı deyiləm. Əksinə, düşünürəm ki, bizim sıralarımıza tək-tək fəaliyyət göstərən şəxslər də qoşulmalıdır və ideya, dünyagörüşü üst-üstə düşən insanlar da bizə qoşulsalar gücə çevrilə bilərik. Bizim məqsədimiz hakimiyyətə gəlmək deyil, Azərbaycan cəmiyyətində istədiyimiz şəraiti yaratmaqdan ibarətdir”.
“125-lər” Klubu bundan sonra siyasi, yoxsa ictimai əsaslarla fəaliyyət göstərəcək?” sualına cavabında A.Əlizadə bildirib ki, qurumun siyasi təşkilata çevrilməsi istisna olunmur. Ancaq siyasi klubun adının dəyişdirilməsi gözlənilmir. Hətta Aysel Əlizadə “125-lər” Siyasi Klubunun özünü alternativ parlament elan etməsi ehtimalından da söz açdı: “Bütün cəmiyyətlərdə ictimai vəkillik deyilən bir anlayış var. Bu missiyanı üzərinə götürən ziyalılar, sənətçilər var. Onlar cəmiyyətə, dövlətə yönəlik təkliflərini irəli sürürlər və bu zaman-zaman dəyərləndirilir. Hər halda hakimiyyət də bu ölkənin düşməni deyil. Sadəcə olaraq, idarəçilik bizi qane edə də, etməyə də bilər. Biz hüquqi dövlətdə, şəffaf bir cəmiyyətdə yaşamaq istəyirik. Biz ölkəni başqa cür görmək istəyirik. Ona gərə də “125-lər”i format olaraq alternativ parlament də saymaq olar. Niyə də olmasın?”