|
Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin martın 16-da imzaladığı əmrlə “Azərenerji”nin idarə aparatının tərkibindəki Enerjinəzarət Idarəsi, Əməyin Təhlükəsizliyi Xidməti və Yanğından Mühafizə Xidməti ləğv edilib.
Teleqraf.az azadliq.info-ya istinadən xəbər verir ki, onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət xidməti yaradılması nəzərdə tutulurdu.
Etibar Pirverdiyevin bu əmrilə qurumda kütləvi ixtisarlar baş verib. Məsələn, ləğv edilmiş Enerjinəzarət İdarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Adamların kütləvi şəkildə işsiz qalması narazılığa səbəb olub və Etibar Pirverdiyev ayyarım əvvəl imzaladığı əmri ləğv edib.