Teleqraf.az saytının əməkdaşı Elxan Mehdiyev həbs olunaraq işgəncələrə məruz qalıb.

Fevral ayının 5-də,səhər saat 8:00 radələrində 3 nəfər polis əməkdaşı Teleqraf.az saytının jurnalisti Elxan Mehdiyevin evinə gələrək,ondan polis bölməsinə getməyi tələb ediblər. Jurnalist bununla bağlı məhkəmə qərarı istəsə də,polislər ona zor tətbiq edib,evinə zorla daxil olub jurnalistə məxsus noutbuku,yaddaş kartlarını və mobil telefonunu götürərək, onu zorla Nəsimi rayon polis bölməsinə gətiriblər.

Jurnalistin bildirdiyinə görə, Polis bölməsində onu döyərək, hakimiyyət əleyhinə yazılar yazmamağı tələb ediblər. Bir neçə saat polis bölməsində saxlanılan E.Mehdiyevə içməyə su belə verməyiblər.

Jurnalistin bildirdiyinə görə polis bölməsində Rüstəm adlı polis polkovniki buraxılması üçün E.Mehdiyevdən külli miqdarda pul istəyib. Jurnalist bu qədər pulunun olmadığını bildirdikdən sonra,onu yenidən döyməyə başlayaraq, qarşısına qoyulan ağ vərəqə qol çəkməsini tələb ediblər. Jurnalist bundan imtina etdikdə onu ailəsi ilə təhdid ediblər.

E.Mehdiyev bildirib ki, Nəsimi polisində işgənəcələrə məruz qaldıqdan sonra "bandidtel" ə aparılaraq, orda ona hakimiyyətin xeyirinə yazı yazmasını istəyiblər. Jurnalist bundan imtina etdikdən sonra onu yenidən döyməyə və işgəncə verməyə başlayıblar. Bundan sonra ailəsinin həyatı ilə təhdid olunan jurnalist ailəsinin həyatına təhlükə yaranmasın deyə ağ vərəqə qol çəkməyə məcbur olub. Jurnalisti bir gün işgəncə altında saxladıqdan sonra,ondan götürülən əşyalar geri qaytarılmadan, xəbərdarlıq edərək sərbəst buraxıblar.

Qeyd edək ki,Azərbaycanda mətbuat nümayəndələrinə qarşı olan qeyri-insani rəftar ilk dəfə deyil ki,baş verir.Biz əməkdaşımıza qarşı edilən zorakılıq hadisəsinə görə aidiyyəti qurumlara müraciət etsək də,bununla bağlı heç bir cavab verilməyib.

Xəbər lenti